Scroll Top

Regİon gənclərİ Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd edİb

Zəfər Günü - GİKM (12) (1)

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 3 il öncə rəşadətli Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi parlaq zəfər tarixi torpaqlarımızın 30 illik işğaldan azad edilməsi və suverenliyimizin təmin olunmasına yol açıb. 8 Noyabr – Zəfər Günü Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin, gücünün və qüdrətinin rəmzi kimi tarixə düşüb. Bu tarixi zəfərimizin ildönümü, eləcə də  9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününü region gəncləri böyük sevinclə qeyd edib, müxtəlif tədbirlər həyata keçiriblər.

Belə ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin şəhər və rayonlarda fəaliyyət göstərən regional nümayəndəlikləri və bölmələrinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirən Abidə kompleksi region gəncləri tərəfindən ziyarət olunub.

Daha sonra müxtəlif rayonlarda “Zəfərə addım-addım” adlı dəyirmi masa və görüşlər keçirilib. Müharibə iştirakçıları, qazilər və ekspertlərin iştirakı ilə baş tutan görüşlərdə müharibənin gedişatı, uğurlu əks-hücum əməliyyatı, zəfərimizdən sonra böyük qayıdışa atılan inamlı addımlar, işğaldan azad olunmuş ərazilərimizin yenidən dirçəldilməsi, Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə uğurla keçirilən antiterror tədbirləri haqqında gənclər məlumatlandırılıb.

Eyni zamanda Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə bölgələrdə ağacəkmə aksiyası həyata keçirilib və 100 ədəd eldar şamı əkilib. Gənclər arasında şanlı qələbəmizə həsr olunmuş “Vətənin izində” adlı intellektual yarış, “Şanlı zəfərimiz” adlı rəsm müsabiqəsi təşkil edilib. Fərqlənən gənclər diplomlarla təltif edilib. Mərkəzlərdə gənclər üçün Zəfər Gününə həsr edilmiş “Vətən müharibəsi”, “Zəfər meydanı”, “Zəfərin səsi”, “Şuşa, sən azadsan!”, “Oğul” filmləri nümayiş etdirilib.

Bu gün şanlı bayrağımızın bütöv Azərbaycan üzərində qürurla dalğalanması ilə hər bir Azərbaycan gənci fəxr edir!