Scroll Top

REGİON GƏNCLƏRİ ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ƏZİZ XATİRƏSİNİ EHTİRAMLA YAD EDİB

Anım Günü (1)

Azərbaycanı gənclər ölkəsi, gəncləri isə dövlətin gələcəyi kimi dəyərləndirən Ümummilli Lider Heydər Əliyevin xatirəsi region gəncləri tərəfindən dərin ehtiramla yad edilib. Ulu Öndərin Anım Günü ilə əlaqədar Gənclərin İnkişaf və Karyera Mərkəzinin 11 regional nümayəndəliyi və 44 bölməsi tərəfindən silsilə anım tədbirləri baş tutub.

İlk olaraq, Ulu Öndərin rayon və şəhər mərkəzlərindəki abidələrini ziyarət edən gənclər Ümummilli liderə öz dərin sevgi və ehtiramlarını ifadə edib, abidə önünə gül dəstələri düzüblər. Regionlarda Heydər Əliyev Mərkəzlərinə ekskursiyalar təşkil olunub. Ekskursiya zamanı gənclər Ümummilli Liderin həyat yolu, dövlətçilik fəaliyyəti, idarəçilik fəlsəfəsi və Azərbaycan üçün mühüm tarixi xidmətləri haqqında ətraflı məlumat əldə ediblər.

Rəsmilərin və tarixçilərin iştirakı ilə keçirilən maarifləndirici tədbir və görüşlər çərçivəsində gənclər Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyindəki əvəzsiz xidmətləri ilə tanış olublar. Görüşlər zamanı görkəmli siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş “Dahi şəxsiyyət”, “Xilaskar ömrü”, “Xalqın Adamı” və “İz” filmləri gənclər tərəfindən maraqla izlənilib.

Azərbaycan gəncləri Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini daim uca tutur, onun xidmətlərini minnətdarlıqla yad edirlər.