Region gəncləri üçün Heydər Əliyev Mərkəzlərinə maarifləndirici ekskursiya təşkil olunub. Ekskursiyanın əsas məqsədi gənclərin ümummilli lider Heydər Əliyevin zəngin həyat yolu, çoxşaxəli dövlətçilik fəaliyyəti və Azərbaycanın inkişafı naminə həyata keçirdiyi mühüm islahatlar haqqında biliklərinin artırılması olub.
Tədbir çərçivəsində iştirakçılar mərkəzdə nümayiş olunan fotoşəkillər, sənədlər və müxtəlif eksponatlarla yaxından tanış olublar. Bələdçilər tərəfindən gənclərə Heydər Əliyevin müxtəlif dövrlərdə ölkəyə rəhbərlik etdiyi illər, respublikanın ictimai-siyasi sabitliyinin təmin olunması, iqtisadiyyatın möhkəmləndirilməsi və beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində atdığı addımlar barədə ətraflı məlumat verilib.
Ekskursiya zamanı xüsusilə müstəqil Azərbaycanın formalaşması və möhkəmlənməsində Ulu Öndər Heydər Əliyevin xidmətlərindən danışılıb. Qeyd olunub ki, onun uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində ölkədə sabitlik bərqərar olub, hüquqi dövlət quruculuğu prosesi sürətlənib, ordu quruculuğu və milli-mənəvi dəyərlərin qorunması istiqamətində mühüm nailiyyətlər əldə edilib. Qeyd olunub ki, gələcəkdə də region gəncləri üçün maarifləndirici səfərlərin və görüşlərin təşkili davam etdiriləcək.
16.02.2026






