Scroll Top

REGİONLARDA GƏNCLƏRİN KARYERA İNKİŞAF PLATFORMASI ÇƏRÇİVƏSİNDƏ TƏLİMLƏR KEÇİRİLİB

616297225_1195783106069856_5292615752895010059_n

Gənclərin İnkişaf və Karyera Mərkəzinin regional nümayəndəlik və bölmələrində Gənclərin Karyera İnkişaf Platforması çərçivəsində gənclər üçün silsilə təlimlər təşkil olunub. Təlimlərin əsas məqsədi gənclərin karyera planlaması sahəsində bilik və bacarıqlarının artırılması, əmək bazarının mövcud tələbləri barədə məlumatlandırılması və onların fərdi potensiallarının inkişafına dəstək göstərmək olub.

Təlim proqramı çərçivəsində iştirakçılara karyera məqsədlərinin düzgün müəyyənləşdirilməsi, peşə seçimi zamanı diqqət edilməli məqamlar, əmək bazarında tələb olunan bacarıqlar, CV və motivasiya məktubunun hazırlanması, eləcə də müsahibə mərhələsində uğurlu ünsiyyət strategiyaları barədə ətraflı məlumat verilib. Nəzəri biliklərlə yanaşı, real nümunələr və praktiki yanaşmalar vasitəsilə mövzuların daha yaxşı mənimsənilməsi təmin olunub.

Təlimlər interaktiv formatda keçirilib, qrup müzakirələri, praktiki tapşırıqlar və situasiya analizləri vasitəsilə iştirakçıların fəal iştirakı təşviq edilib. Bu yanaşma gənclərə əldə etdikləri bilikləri praktikada tətbiq etmək, öz bacarıqlarını sınamaq və inkişaf etdirmək imkanı yaradıb.

Qeyd edək ki, Gənclərin Karyera İnkişaf Platforması çərçivəsində həyata keçirilən bu cür təlimlər regionlarda yaşayan gənclərin karyera imkanlarının genişləndirilməsinə, onların əmək bazarına daha hazırlıqlı şəkildə inteqrasiyasına və şəxsi inkişaflarına mühüm töhfə verir. GİKM tərəfindən gələcək dövrlərdə də bu istiqamətdə tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.