Scroll Top

Səyyar Gənclər Xİdmətİ bİrİncİ marşrut üzrə İşİnİ yekunlaşdırıb

Şəhər və rayon mərkəzlərindən kənarda, xüsusilə də ucqar kəndlərdə yaşayan gənclər üçün həyata keçirilən “Səyyar Gənclər Xidməti” layihəsinin ilk hissəsi başa çatıb. Biləsuvar, Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Füzuli və Beyləqan rayonlarında baş tutan layihədə 30 kənd üzrə 4000-dən artıq gənc əhatə olunub.

Məqsədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin gənclər üçün yaratdığı imkan və xidmətlərin, o cümlədən məşğulluq, sahibkarlıq, təhsil, innovasiyalar, kənd təsərrüfatı və digər sahələrdə həyata keçirilən proqramların kəndlərdə yaşayan gənclər üçün əlçatanlığının daha da artırılması olan layihənin başlıca amalı gənclərin dövlətçilik və vətənpərvərlik ruhunda yetişməsi, ucqar kəndlərdə yaşayan gənclərin sosiallaşması, asudə vaxtlarının səmərəli təşkili, onların bilik və bacarıqlarının, həmçinin dünyagörüşünün genişləndirilməsidir.

Bu çərçivədə sözügedən bölgələrdə gənclərin maraqlarını əhatə edəcək mövzular üzrə təlimlər, o cümlədən şəxsi inkişafla bağlı sessiyalar, könüllülük, ixtisas seçimi, əsas həyat bacarıqları və digər mövzularda açıq hava şəraitində təlimlər keçirilib.

Səyyar Gənclər Xidmətinin əyləncəli hissəsində kənd gənclərinin ifasında şeir, mahnı və rəqs nömrələri nümayiş etdirilib. Gənclər arasında intellektual viktorinalar, müxtəlif oyunlar üzrə mini müsabiqələr təşkil olunub. Yarışlarda fərqlənən gənclər hədiyyələrlə mükafatlandırılıblar.

Azərbaycan Respublikasının Gənclər Fondu, “Gənc Könüllülər” İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən layihənin bu il üzrə Azərbaycanın 20-yə yaxın şəhər və rayonunun 100-ə qədər ucqar kəndində yaşayan minlərlə gənci əhatə etməsi nəzərdə tutulur.