Scroll Top

SƏYYAR GƏNCLƏR XİDMƏTİ BU DƏFƏ İMKANLARI NAXÇIVAN GƏNCLƏRİ ÜÇÜN ƏLÇATAN EDƏCƏK

SGX - NAxçıvan (23)

6 iyul tarixindən etibarən cari il üçün fəaliyyətə başlayan Səyyar Gənclər Xidməti 10 şəhər və rayonda işini yekunlaşdırdıqdan sonra 19 sentyabrdan etibarən Naxçıvan Muxtar Respublikasında start götürüb.

İlk dayanacağı Şərur rayonu olan xidmətin açılış mərasimi Oğlanqala kənd orta məktəbinin stadionunda həyata keçirilib. tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Layihə haqqında gənclərə məlumat verdikdən sonra söz çıxışçılara verilib. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini cənab Samir Seyidəhmədli çıxış edərək, həyata keçirilən dövlət gənclər siyasətinin gənclərin hərtərəfli inkişafı və onların sosial fəallığının artırılması istiqamətində mühüm addımlar atdığını qeyd edib. Layihənin Naxçıvan gənclərinə yeni biliklər qazandıracağına, onların gələcək uğurları üçün möhkəm təməl yaradacağına əminliyini bildirib.

Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən cənab Qədir Xəlilov da layihə haqqında fikirlərini gənclərlə bölüşüb. Bildirib ki, Gənclər Fondu olaraq, daim gənclərin inkişafı, onların bilik və bacarıqlarının artırılması üçün müxtəlif layihələr həyata keçirilir və Səyyar Gənclər Xidməti də bu istiqamətdə önəmli bir təşəbbüsdür. Qədir Xəlilov layihənin əsas məqsədinin ucqar bölgələrdə yaşayan gənclərə yeni imkanlar yaratmaq, onların təhsillərini və sosial aktivliyini dəstəkləmək olduğunu vurğulayıb.

Şərur Rayon İcra Hakimiyyətinin başçısı cənab Kamal Cəfərov, Vətən Müharibəsi iştirakçısı Ağdamın, Suqovuşanın azadlığı uğrunda, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş ehtiyatda olan leytenant cənab Ceyhun Davidov da çıxışçılar arasında yer alıb.

Ələkli Kənd Uşaq Musiqi Məktəbinin şagirdləri və Şərur Xalq Yallı Ansamblı musiqili proqramla çıxış etdikdən sonra rəsmilər tədbir ərazisində gənclərə təqdim edilən xidmətlərlə tanış olub.

Gənclər üçün sahibkarlıq fəaliyyətinin təşviqi, gənclərin regionlarda məşğulluğunun təmin edilməsi, o cümlədən cəbhə xəttinə yaxın ərazilərdə fəaliyyət göstərməsinin təşviqi və stimullaşdırılması, startapçılar və sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, kənd təsərrüfatının idarə olunması sahəsində bilik, bacarıq və vərdişlərinin inkişafı məqsədilə görüşlər, gənclər siyasəti, şəxsi inkişaf və karyera quruculuğu istiqamətində sessiyalar, robototexnika, rəsm çəkmə, 3D printer və qələm tətbiqi şəbəkə sənəti üzrə master-klaslar, həmçinin şəxsi anketin (CV) yaradılması xidməti təşkil edilib.

Bunlarla yanaşı, layihədə nəzərdə tutulmuş yarış və oyun proqramları çərçivəsində gənclər arasında Azərbaycan xəritəsinin pazl lövhə üzərində qurulması yarışı, stolüstü futbol və darts oyun çempionatı baş tutub.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında Şərur rayonundan başlayan xidmət Şahbuz, Babək, Sədərək, Kəngərli, Ordubad, Culfa rayonlarında olmaqla, 25 sentyabradək davam edəcək.

Ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasına əsasən, bu il  gənclərin ekoloji məlumatlılığını, həmçinin ətraf mühitin qorunması sahəsində bilik və fəallıqlarını artırmağa yönələn Səyyar Gənclər Xidməti Azərbaycan Respublikasının Gənclər Fondu, Gənclərin İnkişaf və Karyera Mərkəzi və “Gənc Könüllülər” İctimai Birliyi tərəfindən icra olunur.