Scroll Top

SƏYYAR GƏNCLƏR XİDMƏTİ BU DƏFƏ QƏBƏLƏDƏ!

742208376_1340184751629690_4000828121290579423_n

Səyyar Gənclər Xidməti” layihəsi bu dəfə Qəbələ rayonunda gənclərlə görüşünü davam etdirib. “Gənclərlə, gənclər üçün” şüarı ilə keçirilən layihənin əsas məqsədi regionlarda yaşayan gənclərin inkişafına dəstək olmaq, onların bilik və bacarıqlarını artırmaq, eləcə də təhsil, karyera və şəxsi inkişaf istiqamətində yeni imkanlarla tanış olmalarını təmin etməkdir.

Tədbirin açılış mərasimində çıxış edən rəsmi qonaqlar dövlət gənclər siyasəti çərçivəsində region gənclərinin inkişafına göstərilən diqqətdən, onların potensialının üzə çıxarılması üçün həyata keçirilən layihələrin əhəmiyyətindən danışıblar. Çıxışlarda vurğulanıb ki, gənclərin müasir dövrün tələblərinə uyğun bilik və bacarıqlara yiyələnməsi, rəqəmsal transformasiyaya uyğunlaşması və əmək bazarında rəqabətqabiliyyətli mütəxəssis kimi formalaşması ölkənin dayanıqlı inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Layihə çərçivəsində iştirakçılar üçün müxtəlif istiqamətləri əhatə edən maarifləndirici sessiyalar təşkil olunub. Sessiyalarda rəqəmsal bacarıqların inkişafı, süni intellekt və müasir texnologiyaların gündəlik həyat və iş prosesində tətbiqi, təhsil və karyera imkanları, şəxsi inkişaf, vətənpərvərlik dəyərlərinin təbliği, sağlam həyat tərzinin təşviqi və yaradıcılıq mövzuları üzrə təqdimatlar keçirilib. Gənclər həm nəzəri biliklər əldə edib, həm də interaktiv müzakirələr və praktiki fəaliyyətlər vasitəsilə yeni bacarıqlar qazanmaq imkanı əldə ediblər.

Tədbir çərçivəsində iştirakçılar dövlət qurumlarının və tərəfdaş təşkilatların təqdim etdiyi proqramlar, təqaüd və könüllülük imkanları, peşəkar inkişaf layihələri, təlim proqramları və karyera istiqamətləri haqqında da ətraflı məlumatlandırılıblar. Gənclər onları maraqlandıran sualları mütəxəssislərə ünvanlayaraq fərdi məsləhətlər almaq imkanı əldə ediblər.

“Səyyar Gənclər Xidməti” layihəsi regionlarda yaşayan gənclərin inkişaf imkanlarına çıxışını genişləndirməyi, onların müasir bilik və bacarıqlarla təmin olunmasını, ictimai fəallığının artırılmasını və gələcək karyera yolunda daha hazırlıqlı olmalarını hədəfləyir. Layihə çərçivəsində ölkənin müxtəlif şəhər və rayonlarında görüşlərin keçirilməsi davam etdiriləcək.