2 aya yaxındır ki, start götürən Səyyar Gənclər Xidmətinin növbəti – 8-ci dayanacağı Masallı rayonu olub.
Dövlət gənclər siyasətinin gənclər üçün yaratdığı xidmət və proqramların ucqar kəndlərdə yaşayan gənclərin də əlçatanlığının artırılması, gənclər siyasəti ilə bağlı maarifləndirmə, eləcə də gənclərin sosial aktivliyinin dəstəklənməsi, asudə vaxtlarının səmərəli təşkili, və onların bilik, bacarıq və dünyagörüşünün genişləndirilməsinə yönəlmiş tədbirlər təşkil etmək məqsədi daşıyan “Səyyar Gənclər Xidməti” layihəsi Masallı rayonunda 5 günlük işinə başlayıb. Bu müddət ərzində Masallı gəncləri müxtəlif fəaliyyətlərə cəlb olunacaqlar.
Masallı şəhər Sakit Tağıyev adına 4 nömrəli tam orta məktəbdə baş tutan açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Açılış mərasimində ilk olaraq söz Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədova verilib. O, öz çıxışında Səyyar Gənclər Xidməti” layihəsinin Masallı rayonunda həyata keçirilməsinin yerli gənclərin dövlətin yaratdığı imkanlardan birbaşa faydalanmasına şərait yaradacağını, onların rayonun sosial-iqtisadi inkişafında daha fəal rol oynayacağına inamını ifadə edib.
Daha sonra Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov çıxış edərək, gənclərin inkişafı üçün belə layihələrin əhəmiyyətini vurğulayıb, gəncləri dövlətin onlar üçün yaratdığı fürsətlərdən yararlanmağa dəvət edib. Rəsmi hissə rayon gənclərinin musiqili çıxışları ilə yekunlaşıb.
Çıxışlardan sonra rəsmi qonaqlar tədbir ərazisi ilə tanış olub. Ərazidə STEAM formatlı innovativ sərgi, gənclərin “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş süni intellekt alətləri ilə yaratdıqları təsvirlər və rəsm əsərləri, virtual eynəklə virtual səyahət yer alıb.
5 gün ərzində Masallı gənclərinə müxtəlif xidmətlər təklif olunacaq. Gənclər üçün şəxsi anketin (CV) yaradılması, gənclərin maraq dairələrinə uyğun “Gənclər siyasəti və dövlətçilik”, “Zərərli vərdişlərə yox deyək”, “Peşə seçimi və karyera” və “Sağlam və təhlükəsiz həyat” mövzularında təlim sessiyaları, robototexnika, rəsm çəkmə, 3D printer və qələm, tətbiqi şəbəkə sənəti üzrə master-klaslar bu xidmətlər arasında olacaq.
Bunlarla yanaşı, layihədə nəzərdə tutulmuş yarış və oyun proqramları çərçivəsində gənclər arasında vətənpərvərlik mövzusunda “Xəmsə” intellektual oyunu, Azərbaycan xəritəsinin pazl lövhə üzərində qurulması yarışı, stolüstü futbol və labirint yarışı, darts oyun çempionatı, çölçü oyun yarışı, “Jenga” oyunu, kəndir dartma yarışı baş tutacaq. Yarışlarda fəallıqları ilə seçilən gənclər mükafatlandırılacaq.
Azərbaycan Respublikasının Gənclər Fondu, Gənclərin İnkişaf və Karyera Mərkəzi və “Gənc Könüllülər” tərəfindən həyata keçirilən “Səyyar Gənclər Xidməti” layihəsinin bu il oktyabr ayınadək hər birində 5 gün olmaqla, 10 şəhər və rayonda, eləcə də Naxçıvan Muxtar Respublikasında ucqar kənd gənclərinə xidmət göstərməsi nəzərdə tutulur.