Səyyar Gənclər Xidməti bu dəfə #Zaqatala gənclərini bir araya gətirib. 29 sentyabr – 3 oktyabr tarixlərini əhatə edən xidmət proqramı “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Suveren dövlət, vətənpərvər gənclik” devizi altında təşkil olunub.
Layihənin açılış mərasimində Zaqatala Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Əhmədov, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının direktoru Raqif Qasımov və “Gənc Könüllülər” İctimai Birliyinin sədri Ayxan Allahverdiyev çıxış ediblər. Rəsmi çıxışlar zamanı natiqlər layihənin region gənclərinin sosial fəallığının artırılması, dövlət dəstək mexanizmlərinə çıxış imkanlarının genişləndirilməsi və milli-mənəvi dəyərlərin təbliği baxımından mühüm rol oynadığını vurğulayıblar.
Beş gün davam edən səyyar xidmət çərçivəsində gənclər üçün müxtəlif mövzularda maarifləndirici təlimlər, görüşlər, fərdi məsləhətləndirmə sessiyaları və sosial fəaliyyətlər təşkil edilib. İştirakçılar karyera planlaşdırması, könüllülük hərəkatının imkanları, dövlət gənclər siyasətinin prioritet istiqamətləri və şəxsiyyətin inkişafına yönəlmiş mövzular üzrə faydalı biliklər əldə ediblər.
Layihə çərçivəsində həmçinin Vətən müharibəsində qazanılmış tarixi Zəfərin mahiyyəti, suverenlik və dövlət müstəqilliyinin əhəmiyyəti, eləcə də gənclərin milli ruhda formalaşması kimi mövzular gənclərin diqqətinə çatdırılıb. Eyni zamanda, təşkil olunan maarifləndirici sessiyalarda faydalı təlimlər keçirilib, müxtəlif əyləncəli və maraqlı oyunlarla gənclər asudə vaxtını səmərəli keçirib.
Qeyd edək ki, Səyyar Gənclər Xidməti layihəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi ilə bağlı təsdiq edilmiş tədbirlər planına uyğun olaraq həyata keçirilir. Layihənin əsas məqsədi gənclər arasında vətənpərvərlik dəyərlərinin, dövlət müstəqilliyi və suverenlik prinsiplərinin təbliğini gücləndirmək, eyni zamanda regionlarda gənclərin bilik və bacarıqlarının inkişafına dəstək göstərməkdir.






