Scroll Top

Sİyəzən və Qobustan gənclərİ üçün xoş xəbər

Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) növbəti nümayəndəlikləri Siyəzən və Qobustan rayonlarında yerləşən Heydər Əliyev Mərkəzlərində fəaliyyətə başlayıb. Bu münasibətlə keçirilən onlayn tədbirlərdə rayon icra hakimiyyətlərinin rəhbərliyi, Gənclər Fondunun icraçı direktoru, millət vəkilləri, Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndələri və rayon gəncləri iştirak edib.

SİA xəbər verir ki, açılış tədbirində çıxış edən rəsmi nümayəndələr Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət gənclər siyasəti, ölkəmizdə gənclər üçün yaradılan imkanlar barədə danışıblar.

Bildirilib ki, ölkə başçısının müvafiq Sərəncamına əsasən yaradılan nümayəndəliklərin fəaliyyəti dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq, gənclərin hərtərəfli inkişafının təmin olunması, habelə ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verməkdən ibarətdir. Yeni yaradılan nümayəndəliklərdə gənclərin əlavə bilik və bacarıqlara yiyələnməsi üçün müxtəlif peşə təlimləri və ustad dərsləri, təhsil və təcrübə proqramları, görüşlər, seminarlar, intellektual oyunlar və digər tədbirlər təşkil olunacaq. Nümayəndəliklər vasitəsilə regionda yaşayan gənclər dövlət tərəfindən onlar üçün yaradılan imkanlar barədə məlumat və məsləhət almaq, həmçinin müxtəlif proqramlara müraciət və onlarda iştirak etmək imkanı qazanacaq, həmçinin fəal vətəndaş kimi öz regionlarının inkişafına töhfələrini verəcəklər. Çıxış edənlər gəncləri GİKM-ə gəlməklə bu imkanlardan yararlanmağa və sıx əməkdaşlığa dəvət ediblər.

Daha sonra virtual şəkildə mərkəzdə gənclər üçün yaradılan şərait barədə qonaqlara ətraflı məlumat verilib. Artıq fəaliyyət göstərən digər nümayəndəliklərin fəaliyyətlərini əks etdirən videoçarx da qonaqlara təqdim olunub.

Region gəncləri, həmçinin, onlayn şəkildə “Gənc Könüllü” proqramına qoşulmaq üçün qeydiyyatdan keçiblər. Tədbir viktorina xarakterli oyunlarla davam etdirilib.

Bununla Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin nümayəndəliklərinin fəaliyyətə başladığı şəhər və rayonların sayı 36-a çatıb. Bu ilin sonunadək ölkənin bütün şəhər və rayonlarında mövcud Heydər Əliyev mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin açılması nəzərdə tutulur.

 

Müəllif: Aysel Məmmədova