#Sumqayıtgəncləri üçün “Sənaye ilə həmrəylik: İstehsalatın gücü və qlobal təsirləri” adlı forum keçirilib. Forumda spikerlər “Təhsil və sənayenin inkişafında iştirakçıların rolu” mövzusunda keçirilən panel müzakirəsində öz dəyərli təcrübə və fikirlərini bölüşüblər.
450-dən çox iştirakçını bir araya gətirən forumda karyera sərgisi də baş tutub. Sərgidə iştirak edən dövlət və özəl qurumlar, eləcə də müxtəlif təşkilatlar tərəfindən gənclərə işəqəbul və təcrübə proqramlarında iştirak etmələri üçün geniş imkanlar yaradılıb.
Tədbirə böyük maraq göstərən yüzlərlə gənc karyera seçimlərini dəyərləndirmək, aktual vakansiyalarla tanış olmaq və təcrübə proqramları barədə ətraflı məlumat almaq fürsəti qazanıb.
Qeyd edək ki, forum “LevelUP” şəbəkəsi çərçivəsində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron-Xızı regional nümayəndəliyi, Sumqayıt Dövlət Universiteti, Dövlət Məşğulluq Agentliyi və SDU-nun nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecin birgə təşkilatçılığı ilə keçirilib.

