Scroll Top

TƏCRÜBƏÇİLƏRİN PEŞƏKAR İNKİŞAFINA YÖNƏLİK TƏLİMLƏR KEÇİRİLİB

780423309_18121418266870034_6455683872299743838_n

Gənclərin peşəkar inkişafının dəstəklənməsi, onların əmək bazarının tələblərinə uyğun bacarıqlarının formalaşdırılması və praktiki biliklərinin artırılması məqsədilə Bakı şəhəri və regionlarda təcrübəçilər üçün müxtəlif istiqamətlər üzrə təlimlər keçirilib.

Təlimlər çərçivəsində iştirakçıların həm texniki, həm də kommunikasiya və layihə idarəetməsi sahəsində bilik və bacarıqlarının inkişafına xüsusi diqqət yetirilib. Gənclər müasir iş mühitində uğurlu fəaliyyət göstərmək üçün vacib olan texniki bacarıqlar, effektiv korporativ ünsiyyət və komanda daxilində düzgün kommunikasiya qurma üsulları barədə ətraflı məlumat əldə ediblər.

Təlimlər zamanı, həmçinin layihə ideyalarının formalaşdırılması və inkişaf etdirilməsi, layihələrin düzgün strukturlaşdırılması, məqsəd və vəzifələrin müəyyənləşdirilməsi, ideyanın layihəyə çevrilməsi və nəticəyönümlü layihə hazırlanması ilə bağlı praktiki biliklər təqdim olunub. İştirakçılara layihə yazılması prosesində diqqət edilməli əsas məqamlar izah edilib, uğurlu layihə konsepsiyasının hazırlanması ilə bağlı faydalı tövsiyələr verilib.

Proqram çərçivəsində gənclərin qrant imkanları haqqında məlumatlandırılması da diqqət mərkəzində olub. Təcrübəçilər müxtəlif qrant imkanlarını araşdırmaq, uyğun maliyyələşmə mənbələrini müəyyənləşdirmək, qrant müsabiqələrinin tələblərinə uyğun layihə hazırlamaq və öz ideyalarını dəstəkləmək üçün mövcud imkanlardan səmərəli yararlanmaq yollarını öyrəniblər.

Keçirilən təlimlər gənclərin nəzəri biliklərini praktiki bacarıqlarla tamamlamasına, yeni biliklər qazanmasına və gələcək peşə fəaliyyətlərinə daha hazırlıqlı yanaşmasına imkan yaradıb. Təcrübəçilər interaktiv müzakirələr və praktiki tapşırıqlar vasitəsilə əldə etdikləri bilikləri möhkəmləndirib, müxtəlif situasiyalar üzərində işləyərək öz bacarıqlarını inkişaf etdiriblər.

Bakı və regionlarda təşkil olunan bu istiqamətdəki fəaliyyətlər gənclərin şəxsi və peşəkar inkişafına dəstək göstərilməsi, onların karyera imkanlarının genişləndirilməsi və gələcək fəaliyyətləri üçün zəruri kompetensiyaların formalaşdırılması baxımından əhəmiyyət daşıyır.

Təcrübəçilərimizə qarşıdakı fəaliyyətlərində uğurlar arzulayır, əldə etdikləri bilik və təcrübələri gələcək peşə fəaliyyətlərində uğurla tətbiq etmələrini diləyirik.