Scroll Top

“Unİversİada” layİhəsİnİn fİnal mərhələsİ keçİrİlİb

universiada (9)
Bakıda və regionlarda yaşayan gənclər arasında “Universiada” layihəsi çərçivəsində “Nə? Harada? Nə zaman?” formatında keçirilən intellektual oyunun final mərhələsi baş tutub.

Tədbirin rəsmi hissəsi dövlət himninin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükütla  yad edilməsi ilə açıq elan edilib.

İştirakçıları salamlamaq üçün ilk olaraq “Xəzər İntellektual Gənclər Klubu”nun sədri Azad Manaflı layihə barədə danışaraq qeyd edib ki, seçim turlarının 3 rayonda təşkil olunmasına baxmayaraq, gənclər tərəfindən layihəyə maraq olduqca böyük olub. Bunun nəticəsində də layihədə iştirak üçün qısa müddətdə 80-dən artıq komanda qeydiyyatdan keçib. Bildirib ki, qeydiyyatdan keçən komandalar arasında baş tutan seçim turlarından sonra Azərbaycanın müxtəlif universitetlərində təhsil alan gənclərdən ibarət 20 komanda bu gün final mərhələsində iştirak edir.

Daha sonra Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev çıxış edərək, gənclərimizə uğurlar arzulayıb. O, regionlarda yaşayan gənclərin fundamental inkişafında intellektual oyunların əvəzsiz yeri olduğunu qeyd edib. Baş direktor bildirib ki, bundan sonra “Xəzər İntellektual Gənclər Klubu” ilə də müxtəlif regionlarda intellektual oyunların həyata keçirilməsi planlaşdırılır.

Final mərhələsində gənclərin maraqlarına uyğun olaraq hazırlanmış intellektual suallar səsləndirilib. Oyunun sonuna qədər davam edən gərgin mübarizənin sonunda 2024-cü il üzrə gənclər arasında keçirilən “Universiada” layihəsində III yerə “Sinaps”, II yerə “The Rapture” komandaları, I yerə isə Naxçıvan gənclərindən ibarət “Paradoks” komandası çıxaraq qalib olub. Qaliblərə kubok, medal, diplom və hədiyyələr təqdim edilib.

“Universiada” layihəsinin əsas məqsədi gəncləri intellektual oyunlara cəlb etməklə, onlara Azərbaycan dili və ədəbiyyatı, tarixi, adət-ənənələri, milli-mənəvi dəyərləri, incəsənəti, musiqisi, kinosu, coğrafiyası haqqında biliklərinin artmasına təkan vermək, bu mövzularda daha çox maariflənmələrinə dəstək olmaq və hərəkata yeni gənclərin qoşulmasını təmin etməkdən ibarətdir.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, “Xəzər İntellektual Gənclər Klubu” İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilib.