Scroll Top

UNİVERSİTETLƏRDƏ GƏNCLƏR ÜÇÜN İNFOSESSİYALAR KEÇİRİLİB

656825052_18105582397870034_6373589758901193408_n

Bakıda yerləşən bir sıra ali təhsil müəssisələrində tələbələr üçün “Şəxsi inkişaf və karyera fürsətləri” mövzusunda infosessiyalar təşkil olunub. Tədbirlər Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Universitetində təhsil alan gəncləri əhatə edib və onların şəxsi inkişafı ilə yanaşı, gələcək karyera planlamasına dəstək məqsədi daşıyıb.

Infosessiya çərçivəsində iştirakçılara Azərbaycan Respublikasının Gənclər Fondunun fəaliyyəti, həyata keçirdiyi layihələr və gənclər üçün yaratdığı imkanlar barədə geniş məlumat verilib. Bununla yanaşı, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) fəaliyyəti, region və paytaxt gəncləri üçün təqdim etdiyi proqramlar, təlimlər və müxtəlif inkişaf platformaları ətraflı şəkildə təqdim olunub.

Tədbir zamanı tələbələrə GİKM tərəfindən hazırlanmış “Şəxsi İnkişaf Kitabçası” və “Karyera Bələdçisi” təqdim edilib. Bu vəsaitlərin gənclərin öz potensiallarını daha yaxşı tanımaları, bacarıqlarını inkişaf etdirmələri və əmək bazarının tələblərinə uyğun şəkildə karyera yollarını planlamaları baxımından əhəmiyyətli olduğu vurğulanıb.

İnteraktiv müzakirələrlə davam edən infosessiya zamanı tələbələr öz suallarını ünvanlandırmaq, fərdi inkişaf və karyera imkanları ilə bağlı fikir mübadiləsi aparmaq imkanı əldə ediblər. Bu cür görüşlərin gənclərin motivasiyasının artırılmasında və onların gələcək hədəflərinin daha aydın müəyyənləşdirilməsində mühüm rol oynadığı qeyd olunub.

Qeyd edək ki, infosessiya Tələbə Gənclər Təşkilatının birgə tərəfdaşlığı ilə təşkil olunur və infosessiyaların davam etdirilməsi nəzərdə tutdurulur.

18.03.2026