Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) həyata keçirdiyi “YouthStart” şəxsi inkişaf proqramı regionlarda uğurla davam edir.
Proqram çərçivəsində GİKM-in regional nümayəndəlik və bölmələrində gənclərin şəxsi və peşəkar inkişafına yönəlmiş müxtəlif təlim və maarifləndirici fəaliyyətlər təşkil olunub. Təlimlərdə iştirakçılara gündəlik həyatlarında, təhsil və karyera yollarında faydalana biləcəkləri bilik və bacarıqların aşılanmasına xüsusi diqqət yetirilib.
16 şəhər və rayonda keçirilən təlimlərə ümumilikdə 700-ə yaxın gənc cəlb olunub. Təlimlər zamanı iştirakçılar şəxsi inkişafın əsas istiqamətləri, effektiv ünsiyyət, özünüifadə, komanda ilə işləmək, məqsədlərin müəyyənləşdirilməsi, vaxtın düzgün idarə olunması və digər mühüm bacarıqlar barədə məlumat əldə ediblər.
Proqram çərçivəsində keçirilən interaktiv sessiyalar gənclərin təlim prosesində fəal iştirakına, praktiki tapşırıqlar vasitəsilə yeni bacarıqlar qazanmasına və əldə etdikləri bilikləri real situasiyalarda tətbiq etməsinə imkan yaradıb. İştirakçılar müxtəlif müzakirələrdə və qrup işlərində iştirak edərək fikir mübadiləsi aparıb, öz təcrübələrini bölüşüblər.
“YouthStart” proqramı gənclərin öz potensiallarını daha yaxşı tanımalarına, güclü tərəflərini inkişaf etdirmələrinə və gələcək məqsədlərinə daha inamla istiqamətlənmələrinə dəstək olmağı qarşıya məqsəd qoyur.
Regionlarda keçirilən təlimlər eyni zamanda gənclərin yeni bilik və bacarıqlara çıxış imkanlarının genişləndirilməsinə, onların inkişaf prosesinə daha fəal cəlb olunmasına və müxtəlif istiqamətlər üzrə özlərini sınamasına şərait yaradır.
“YouthStart” proqramı çərçivəsində də qarşıdakı dövrdə müxtəlif şəhər və rayonlarda gənclərin şəxsi inkişafına yönəlmiş təlim və fəaliyyətlərin keçirilməsi nəzərdə tutulur.

