Scroll Top

MASALLI RAYONUNDA “AZƏRBAYCAN DİLİ: MİLLİ KİMLİYİN VƏ MƏDƏNİ İRSİN DAŞIYICISI” MÖVZUSUNDA ELMİ-PRAKTİK KONFRANS TƏŞKİL OLUNUB.

IMG_7041.JPG

Tədbir Azərbaycan dilinin qorunması, inkişafı və gələcək nəsillərə ötürülməsi istiqamətində maarifləndirmə məqsədi daşıyıb.

Konfransda çıxış edən mütəxəssislər və qonaqlar Azərbaycan dilinin tarixi inkişaf yolu, milli kimliyin formalaşmasında rolu və müasir dövrdə qarşılaşdığı çağırışlar barədə ətraflı fikirlərini bölüşüblər. Xüsusilə qloballaşma şəraitində ana dilinin saflığının qorunması, gənclər arasında düzgün və səlis nitq mədəniyyətinin formalaşdırılması kimi məsələlər diqqət mərkəzində olub.

Tədbir çərçivəsində təşkil olunan panel müzakirələri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Panel zamanı dilin təbliği, sosial mediada dil normalarının qorunması, eləcə də gündəlik ünsiyyətdə Azərbaycan dilindən düzgün istifadə ilə bağlı müxtəlif yanaşmalar səsləndirilib. Mütəxəssislər həmçinin dil siyasətinin gücləndirilməsi və bu istiqamətdə maarifləndirici tədbirlərin artırılmasının vacibliyini vurğulayıblar.

Konfrans interaktiv formatda davam edib, iştirakçılar mövzu ətrafında suallarını səsləndirib, fikir və təkliflərini bölüşüblər. Bu isə tədbirin daha dinamik və faydalı keçməsinə şərait yaradıb.

Qeyd edək ki, konfrans Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara regional nümayəndəliyinin Masallı bölməsi və Masallı rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilib. Tədbirin əsas məqsədi gənclər arasında ana dilinə sevgi və hörmətin artırılması, milli-mənəvi dəyərlərin qorunmasına töhfə vermək olub.