Aprel ayı ərzində həyata keçirilən “CareerLab” şəbəkəsi bu dəfə Ağdam, İsmayıllı, Qazax, Mingəçevir və Lənkəran rayonlarında gənclərlə görüşüb. Layihə çərçivəsində təşkil olunan tədbirlər region gənclərinin karyera inkişafına dəstək olmaq, onların peşə seçimi və gələcək planlaması ilə bağlı maarifləndirilməsini təmin etmək məqsədi daşıyıb.
Tədbirlər zamanı müxtəlif sahələri təmsil edən spikerlər panel müzakirələrində iştirak edərək öz uğur hekayələrini, iş həyatında qazandıqları təcrübələri və qarşılaşdıqları çətinlikləri gənclərlə bölüşüblər. Spikerlər həmçinin əmək bazarının mövcud tələbləri, müasir dövrdə tələb olunan bacarıqlar və şəxsi inkişafın karyera yolundakı əhəmiyyəti barədə ətraflı məlumat veriblər.
Panel müzakirələri interaktiv formatda təşkil olunduğundan iştirakçılar spikerlərə onları maraqlandıran sualları ünvanlamaq, real iş mühiti ilə bağlı praktiki tövsiyələr almaq imkanı əldə ediblər. Gənclər üçün təşkil olunan bu görüşlər onların gələcək karyera seçimlərinə daha şüurlu yanaşmasına və motivasiyalarının artırılmasına töhfə verib.
Layihə çərçivəsində ümumilikdə 700-ə yaxın gənc faydalanıb. İştirakçılar fərqli sahələr üzrə məlumat əldə etməklə yanaşı, şəxsi inkişaf, düzgün karyera planlaması və peşəkar bacarıqların artırılması istiqamətində də mühüm biliklər qazanıblar.
“CareerLab” şəbəkəsinin əsas məqsədi gəncləri peşəkar inkişaf imkanları ilə tanış etmək, onları əmək bazarına daha hazırlıqlı şəkildə istiqamətləndirmək və regionlarda karyera maarifləndirilməsini genişləndirməkdir.
Layihənin yaxın zamanda ölkənin digər regionlarında da həyata keçirilməsi nəzərdə tutulur.







