Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) əməkdaşları Naxçıvan Dövlət Universitetində təşkil olunan Karyera Sərgisində iştirak edərək gənclərlə bir araya gəlib, onların peşəkar inkişafına töhfə verən panel müzakirəsi və təlim proqramında yer alıblar.
Sərgi çərçivəsində keçirilən “Future Skills Lab” panel müzakirəsində GİKM-in Layihələrin və proqramların idarəedilməsi şöbəsinin müdiri Jalə Həsənova və GİKM-in Dağlıq Şirvan regional nümayəndəliyinin koordinatoru Coşqun İsmayılov spiker qismində çıxış ediblər.
Panel zamanı müasir əmək bazarında baş verən dəyişikliklər, gələcəyin peşələri, süni intellektin yaratdığı yeni imkanlar, rəqəmsal bacarıqların əhəmiyyəti, liderlik keyfiyyətlərinin formalaşdırılması və sahibkarlıq istiqamətində inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb. Spikerlər iştirakçılarla öz peşəkar təcrübələrini bölüşərək, gənclərin dəyişən əmək bazarına uyğunlaşması, yeni bacarıqlar qazanması və karyeralarını düzgün planlaşdırmasının vacibliyini vurğulayıblar.
Panel müzakirəsinin ardından GİKM əməkdaşları tərəfindən #gənclərüçün “Uğurlu CV və müsahibə texnikaları” mövzusunda təlim keçirilib. Təlim zamanı iştirakçılara effektiv CV hazırlanmasının əsas prinsipləri, işəgötürənlərin diqqət yetirdiyi məqamlar, müsahibə prosesinə hazırlıq qaydaları, özünü düzgün təqdimetmə bacarıqları və iş müsahibələrində uğur qazanmağa kömək edən praktiki tövsiyələr təqdim olunub. Təlim interaktiv formatda təşkil edilib, gənclərin sualları cavablandırılıb və real nümunələr əsasında faydalı müzakirələr aparılıb.
GİKM-in iştirakı ilə keçirilən panel və təlim gənclərin əmək bazarının müasir tələbləri barədə məlumatlılığının artırılmasına, onların karyera planlaması sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsinə, həmçinin gələcəyin çağırışlarına hazır kadr potensialının formalaşdırılmasına töhfə verib.





