Scroll Top

“GƏNCLƏR ÜÇÜN HR AKADEMİYASI” PROQRAMININ MÜSAHİBƏ MƏRHƏLƏSİ BAŞLAYIB

743052378_18116726530870034_2558382257341024683_n

Gənclərin İnkişaf və Karyera Mərkəzi və Azərbaycan HR İnstitutunun birgə təşkilatçılığı ilə həyata keçirilən “Gənclər üçün HR Akademiyası” proqramında növbəti mərhələyə start verilib. Test mərhələsini uğurla başa vuran iştirakçılar hazırda müsahibə mərhələsində iştirak edərək insan resursları sahəsinə olan maraqlarını, bilik və bacarıqlarını nümayiş etdirirlər.

Müsahibə mərhələsinin əsas məqsədi iştirakçıların insan resurslarının idarə edilməsi sahəsində mövcud biliklərini, analitik düşüncə qabiliyyətlərini, ünsiyyət bacarıqlarını və peşəkar inkişaf potensiallarını qiymətləndirməkdir. Bu mərhələdə namizədlər müxtəlif situativ sualları cavablandırır, HR sahəsinə dair baxışlarını bölüşür və proqram çərçivəsində əldə etmək istədikləri məqsədləri təqdim edirlər.

Layihə gənclərin insan resursları sahəsində nəzəri biliklərə yiyələnməsi ilə yanaşı, praktiki bacarıqlar qazanmasına da imkan yaradır. Proqram müddətində iştirakçılar əmək qanunvericiliyi, işə qəbul və seçim prosesləri, performansın idarə olunması, təlim və inkişaf, əmək münasibətləri, kadr kargüzarlığı və insan resurslarının idarə edilməsinin digər mühüm istiqamətləri üzrə peşəkar təlimlərdə iştirak edəcəklər.

“Gənclər üçün HR Akademiyası” proqramı 12 dərslik və 3 praktiki modulu əhatə edir. Təlimlər sahə üzrə təcrübəli mütəxəssislər və ekspertlər tərəfindən həyata keçiriləcək. İştirakçılar yalnız nəzəri biliklərlə kifayətlənməyəcək, eyni zamanda real iş mühitinə uyğun praktiki tapşırıqlar və case-lər üzərində çalışaraq peşəkar bacarıqlarını inkişaf etdirəcəklər.

Proqramın sonunda təlimləri və qiymətləndirmə mərhələlərini uğurla tamamlayan iştirakçılara beynəlxalq sertifikat təqdim olunacaq. Bu sertifikat gənclərin gələcək karyera inkişafında və insan resursları sahəsində peşəkar fəaliyyətə başlamalarında əlavə üstünlük qazanmalarına imkan yaradacaq.

Qeyd edək ki, “Gənclər üçün HR Akademiyası” proqramı əmək bazarının tələblərinə uyğun peşəkar kadrların hazırlanmasına, gənclərin məşğulluq imkanlarının artırılmasına və onların karyera inkişafına dəstək göstərilməsinə xidmət edir.

Müsahibə mərhələsində iştirak edən bütün gənclərə uğurlar arzulayır, növbəti mərhələlərdə onlara müvəffəqiyyətlər diləyirik.