Gənclərin İnkişaf və Karyera Mərkəzinin həyata keçirdiyi Səyyar Gənclər Xidməti layihəsi bu dəfə Ağsu rayonunda təşkil olunub.
Açılış mərasimində çıxış edən rəsmi qonaqlar region gənclərinin inkişafına yönəlmiş təşəbbüslərin əhəmiyyətini vurğulayaraq, gənclərin yeni bilik və bacarıqlar qazanması, onların şəxsi və peşəkar inkişafı üçün yaradılan imkanların mühüm rol oynadığını qeyd ediblər.
“Gənclərlə, gənclər üçün” şüarı ilə keçirilən layihə çərçivəsində iştirakçılar müxtəlif istiqamətlər üzrə təşkil olunan sessiya və fəaliyyətlərə cəlb olunublar. Tədbir proqramında rəqəmsal bacarıqların inkişafı, təhsil və karyera imkanları, sağlam həyat tərzi, vətənpərvərlik və yaradıcılıq mövzularını əhatə edən təqdimatlar, müzakirələr və interaktiv fəaliyyətlər yer alıb.
Sessiyalar zamanı gənclərə müasir əmək bazarının tələbləri, rəqəmsal texnologiyalardan səmərəli istifadə, təhsil imkanlarından yararlanma yolları və şəxsi inkişaf istiqamətində faydalı məlumatlar təqdim olunub. Həmçinin iştirakçılar komanda işi, ünsiyyət və yaradıcılıq bacarıqlarının inkişafına xidmət edən praktik fəaliyyətlərdə iştirak etmək imkanı əldə ediblər.
Səyyar Gənclər Xidməti layihəsinin əsas məqsədi regionlarda yaşayan gənclərin inkişaf imkanlarına çıxışını genişləndirmək, onların sosial fəallığını artırmaq və müxtəlif sahələr üzrə maarifləndirici fəaliyyətlər vasitəsilə potensiallarının üzə çıxarılmasına dəstək göstərməkdir.
Gənclərin İnkişaf və Karyera Mərkəzi region gənclərinin bilik, bacarıq və təşəbbüskarlıq potensialının gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.






