Gənclərin İnkişaf və Karyera Mərkəzi və Azərbaycan HR İnstitutunun birgə təşkilatçılığı ilə həyata keçirilən “Gənclər üçün HR Akademiyası” proqramının açılış mərasimi baş tutub.
Açılış mərasimində iştirakçılarla ilkin tanışlıq sessiyası təşkil olunub, proqramın əsas məqsədləri, tədris prosesi və iştirakçılar üçün yaradılan inkişaf imkanları barədə ətraflı məlumat təqdim edilib. Bildirilib ki, proqram gənclərin insan resursları sahəsində nəzəri biliklərini artırmaqla yanaşı, onların praktik bacarıqlarının formalaşdırılmasına da dəstək göstərməyi hədəfləyir.
Proqram çərçivəsində iştirakçılar insan resurslarının idarə olunmasının əsas istiqamətləri üzrə 12 nəzəri dərs və 3 praktiki modul vasitəsilə təlim keçəcəklər. Tədris müddətində əmək münasibətləri, işə qəbul prosesləri, performansın idarə olunması, motivasiya və inkişaf sistemləri, korporativ kommunikasiya və digər aktual HR mövzuları üzrə biliklər əldə edəcəklər.
Praktiki modullar zamanı iştirakçılar real iş mühitinə uyğun tapşırıqlar üzərində çalışacaq, müxtəlif situasiya analizləri və komanda fəaliyyətləri vasitəsilə peşəkar bacarıqlarını inkişaf etdirmək imkanı qazanacaqlar.
Qeyd edək ki, proqramı uğurla başa vuran iştirakçılara beynəlxalq sertifikat təqdim olunacaq. Bu sertifikat onların gələcək karyera inkişafında və insan resursları sahəsində peşəkar fəaliyyətə hazırlanmasında mühüm rol oynayacaq.
“Gənclər üçün HR Akademiyası” proqramı gənclərin əmək bazarının tələblərinə uyğun bacarıqlar əldə etməsinə, peşəkar inkişaf imkanlarını genişləndirməsinə və insan resursları sahəsində ixtisaslaşmış kadr potensialının formalaşmasına töhfə vermək məqsədilə həyata keçirilir.
Bütün iştirakçılarımıza proqram müddətində uğurlar arzulayırıq.






