Scroll Top

GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SÜNİ İNTELLEKT SAHƏSİNDƏ MAARİFLƏNDİRİCİ SESSİYALAR TƏŞKİL OLUNUB

750865315_18117669088870034_3679414094945787438_n

Gənclərin İnkişaf və Karyera Mərkəzinin regional nümayəndəlik və bölmələrində gənclərin rəqəmsal bacarıqlarının inkişafına və müasir texnologiyalar barədə məlumatlılığının artırılmasına yönəlmiş süni intellekt mövzusunda maarifləndirici sessiyalar keçirilib.

16 şəhər və rayonu əhatə edən sessiyalarda ümumilikdə 400-ə yaxın gənc iştirak edib. Təlimlərdə gənclərə süni intellekt texnologiyalarının mahiyyəti, gündəlik həyatda və peşə fəaliyyətində tətbiq imkanları, müasir AI alətlərinin funksionallığı, effektiv prompt hazırlama metodları, məlumatların düzgün emalı və süni intellektdən etik və təhlükəsiz istifadə prinsipləri barədə ətraflı məlumat təqdim olunub.

Sessiyalar interaktiv formada təşkil olunaraq iştirakçıların həm nəzəri biliklər əldə etməsinə, həm də müxtəlif AI alətləri üzərində praktik tapşırıqlar yerinə yetirməsinə imkan yaradıb. Təlimçilər tərəfindən real iş və təhsil nümunələri əsasında süni intellektin layihələrin idarə olunması, məzmun hazırlanması, məlumatların təhlili, təqdimatların qurulması və karyera planlaşdırılmasında istifadəsi nümayiş etdirilib.

Tədbirlər çərçivəsində Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən hazırlanmış gənclər üçün “Karyera Quruculuğunda Süni İntellekt Bələdçisi”nin təqdimatı da keçirilib. Bələdçi gənclərin əmək bazarında baş verən rəqəmsal transformasiya proseslərinə uyğunlaşmasına, süni intellekt alətlərindən səmərəli istifadə etməsinə və gələcəyin peşələrinə hazırlaşmasına dəstək məqsədilə hazırlanıb. Vəsaitdə AI alətlərinin təhsil və karyera inkişafında tətbiqi, şəxsi brendin formalaşdırılması, CV və motivasiya məktubunun hazırlanması, məhsuldarlığın artırılması üçün praktiki tövsiyələr və nümunələr yer alıb.

Sessiyalarda iştirak edən gənclər süni intellektin sürətlə inkişaf edən əmək bazarında yaratdığı yeni imkanlar, tələb olunan bacarıqlar və bu sahədə davamlı öyrənmənin əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar. Tədbirlər gənclərin texnoloji yeniliklərə marağının artırılması, rəqəmsal savadlılığının gücləndirilməsi və onların gələcək karyera inkişafına töhfə verəcək müasir bacarıqlarla tanış olması baxımından əhəmiyyətli olub.

Gənclərin İnkişaf və Karyera Mərkəzi bundan sonra da ölkənin müxtəlif regionlarında gənclərin gələcəyin bacarıqları istiqamətində inkişafını dəstəkləyən, rəqəmsal transformasiya və innovasiya mövzularını əhatə edən maarifləndirici proqram və sessiyaların təşkilini davam etdirəcək.