Scroll Top

Astara gənclərİ üçün YENİLİK

Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) növbəti nümayəndəliyi Astara rayonunda yerləşən Heydər Əliyev Mərkəzində fəaliyyətə başlayıb.

Açılış mərasimində rayon icra hakimiyyətinin nümayəndəsi, millət vəkili, Gənclər Fondunun icraçı direktoru, Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndələri və region gəncləri iştirak edib.

Açılış tədbirində gənclərlə söhbət və mərkəzlə tanışlıqdan sonra çıxış edən rəsmi nümayəndələr Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət gənclər siyasəti, ölkəmizdə gənclər üçün yaradılan imkanlar barədə danışıb və gəncləri bu imkanlardan yararlanmağa dəvət ediblər.

Bildirilib ki, Prezident İlham Əliyevin sərəncamına əsasən yaradılan GİKM-lərin fəaliyyəti gənclərin hərtərəfli inkişafının təmin olunması, habelə ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verməkdən ibarətdir. Yeni yaradılan nümayəndəliklərdə gənclərin əlavə bilik və bacarıqlara yiyələnməsi üçün müxtəlif peşə təlimləri və ustad dərsləri, təhsil və təcrübə proqramları, görüşlər, seminarlar, intellektual oyunlar və digər tədbirlər təşkil olunacaq. Nümayəndəliklər vasitəsilə regionda yaşayan gənclər dövlət tərəfindən onlar üçün yaradılan imkanlar barədə məlumat və məsləhət almaq, həmçinin müxtəlif proqramlara müraciət və onlarda iştirak etmək imkanı qazanacaqlar.

Tədbir daha öncə açılışı olmuş nümayəndəliklərin fəaliyyətindən əyləncəli videoların nümayişi, maraqlı viktorinalar və təlim xarakterli oyunlarla davam etdirilib.

Astara gəncləri həmçinin, “Gənc Könüllü” proqramına qoşulmağa dəvət ediliblər.

Bununla Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin nümayəndəliklərinin fəaliyyətə başladığı şəhər və rayonların sayı 41-ə çatıb. Bu il ərzində ölkənin bütün şəhər və rayonlarında mövcud Heydər Əliyev mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin açılması nəzərdə tutulur.

Leave a comment