Ağdam Dövlət Sosial-İqtisadi Kollecində “CareerLAB” şəbəkəsi çərçivəsində panel müzakirə baş tutub.
“Təhsil sistemi, yaradıcı yanaşmalar və effektiv liderlik” istiqamətində keçirilən panel müzakirədə moderator olaraq Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin müəllimi Lalə Əliyeva, panelistlər olaraq isə Gəncə Dövlət Universitetinin Ümumi tarix kafedrasının baş müəllimi Bəxtiyar Məhərrəmov, Göygöl rayon Köşkü kənd tam orta məktəbinin direktoru Eldəniz Səttarov, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Gənclərlə iş sektorunun baş məsləhətçisi, gənclərlə iş üzrə təlimçi Maarif Quliyev, “Gəncə Maarif Evi” İctimai Birliyinin rəhbəri İmamverdi Vəliyev iştirak edib.
Panel müzakirədə “Effektiv lider olmaq üçün gənclər hansı əsas bacarıqları formalaşdırmalıdır?”, “Gənclər üçün uğurlu karyera yolunda davamlı təhsil”, “Hansı bacarıqlar karyera üçün vacibdir?”, “Gənclər kollec illərini necə dəyərləndirməlidirlər: nələri hədəfləməli, hansı bacarıqlarını inkişaf etdirməlidirlər?” mövzuları ətrafında bir sıra önəmli fikirlər səsləndirilib. Çıxışların sonunda gənclərin sualları spikerlər tərəfindən cavablandırılıb.
Layihənin məqsədi gənclərin təhsil aldıqları sahə üzrə məlumatlılığının artırılması, onların karyera planlamasına dəstək göstərilməsi və şəbəkələşməsini təmin etməkdir.
Qeyd edək ki, Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən keçirilən “CareerLAB” şəbəkəsi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və üzv təşkilatı, Ağdam Dövlət Soial-İqtisadi Kollecində fəaliyyət göstərən “İmarət” intellektual klubunun tərəfdaşlığı ilə keçirilib.