Ağdaş Dövlət Humanitar Kollecində Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən “CareerLAB” şəbəkəsi baş tutub.
Təhsilin idarəedilməsi istiqamətində keçirilən panel müzakirədə moderator qismində Gəncə Dövlət Universitetinin Ümumi tarix kafedrasının baş müəllimi Bəxtiyar Məhərrəmov, Ağdaş Dövlət Humanitar Kollecinin tərbiyə işləri üzrə direktor müavini Elza İskəndərli, Göygöl rayon Köşkü kənd tam orta məktəbinin direktoru Eldəniz Səttarov, Gəncə-Daşkəsən Regional Gənclər və İdman idarəsinin Gənclərlə iş sektorunun baş məsləhətçisi, gənclərlə iş üzrə təlimçi Maarif Quliyev iştirak edib.
Panel müzakirədə “Tələbə gənclər üçün kollec illərinin düzgün dəyərləndirilməsi və vaxtın idarəolunması”, “Karyerasını təhsil sahəsində qurmaq istəyən gənclər ilk 5 ili necə dəyərləndirməlidirlər: nələri hədəfləməli, hansı bacarıqlarını inkişaf etdirməlidirlər?”, “Müasir dövr müəllimdən nə tələb edir, yaxşı müəllim kimdir və bunun üçün nə etmək lazımdır?”, “Gənclərlə iş sahəsində mövcud imkanlar və gələcək perspektivlər” mövzuları ətrafında bir sıra önəmli fikirlər səsləndirilib. Çıxışların sonunda gənclərin sualları spikerlər tərəfindən cavablandırılıb.
Layihənin məqsədi gənclərin təhsil aldıqları sahə üzrə məlumatlılığının artırılması, onların karyera planlamasına dəstək göstərilməsi və şəbəkələşməsini təmin etməkdir.
Qeyd edək ki, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və üzv təşkilatları, həmçinin ali təhsil müəssisələrinin karyera mərkəzləri “CareerLAB” şəbəkəsinin tərəfdaşlarıdır.