Gənclərin İnkişaf və Karyera Mərkəzi və Azerbaijan HR Institute-nun birgə təşkilatçılığı ilə həyata keçirilən “Gənclər üçün HR Akademiyası” proqramı çərçivəsində təlimlər davam edir.
Proqramın növbəti mərhələsində iştirakçılar üçün “İşə qəbul və seçim texnikaları” adlı ikinci modul üzrə təlimlər keçirilib. Modul çərçivəsində gənclərə işə qəbul prosesinin əsas mərhələləri, namizədlərin düzgün qiymətləndirilməsi, effektiv seçim üsulları və müsahibələrin peşəkar şəkildə təşkili barədə ətraflı məlumat verilib.
Təlim zamanı iştirakçılar müasir işə qəbul prosesində istifadə olunan yanaşmalarla tanış olub, namizədlərin seçimində diqqət yetirilməli məqamları öyrəniblər. Eyni zamanda, düzgün müsahibə suallarının hazırlanması, namizədin bacarıq və potensialının qiymətləndirilməsi, müsahibə prosesinin effektiv idarə olunması kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Modulun praktiki hissəsində iştirakçılar əldə etdikləri bilikləri tətbiq etmək imkanı qazanıblar. Praktiki məşğələlər zamanı müsahibə simulyasiyaları keçirilib, müxtəlif namizəd profilləri üzərində işlənilib və CV-lərin təhlili aparılıb. Bu yanaşma iştirakçıların həm nəzəri biliklərini möhkəmləndirməsinə, həm də real iş mühitində qarşılaşa biləcəkləri situasiyalara daha yaxşı hazırlaşmasına imkan yaradıb.
Təlimlər işə qəbul üzrə ekspert və peşəkar təlimçi Ceyran Fərazi tərəfindən keçirilib.
“Gənclər üçün HR Akademiyası” proqramı gənclərin insan resurslarının idarə edilməsi sahəsində nəzəri və praktiki biliklər əldə etməsinə, peşəkar bacarıqlarını inkişaf etdirməsinə və gələcək karyera imkanlarını genişləndirməsinə dəstək olmaq məqsədi daşıyır.






