20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar olaraq, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) 11 regional nümayəndəliyi və 44 bölməsi tərəfindən ölkəmizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini yad etmək məqsədilə bir sıra anım tədbirləri təşkil edilib.
İlk olaraq, regionlarda yerləşən Şəhidlər xiyabanları ziyarət edilib, qəhrəmancasına həlak olmuş şəhidlərimiz gənclər tərəfindən ehtiramla anılıb.
Ümumxalq Hüzn Günü ilə əlaqədar keçirilən görüşlərdə faciə qurbanları 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra millət vəkilləri, tarixçilər, hadisə şahidləri çıxış edərək bildiriblər ki, 1990-cı il 20 yanvar tarixi dövlətimizin müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub. Doğma yurdunun, xalqının azadlığını hər şeydən uca tutan vətənpərvər insanların canlarından keçərək, şəhidlik zirvəsinə ucalmasından bəhs edilib. Gənclər üçün “20 Yanvarda doğulanlar”, “20 Yanvar həqiqətləri”, “Qanlı Yanvar”, “Son anda”, “Danışan talelər”, “Növbəti stansiya – 20 Yanvar” filmləri nümayiş olunub.
Qeyd edək ki, fəaliyyət istiqamətlərindən biri “Vətənpərvərlik və dövlətçilik” olan Gənclərin İnkişaf və Karyera Mərkəzi gənclərin vətənə sevgi, milli dəyərlərə bağlı yetişməsi, tarixin önəmli səhifələrini öyrənməsi məqsədilə müxtəlif layihələr reallaşdırır və region gənclərinin fəal iştirakı dəstəklənir.
Ölkəmizin müstəqilliyi və azadlığı uğrunda canlarından keçən bütün şəhidlərimizin xatirəsini qürurla yad edirik!