2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Karyera üçün addım at” Formunun keçirilməsində əsas məqsəd gənclərin karyera inkişafına dəstək olmaq, onları peşə seçimi ilə bağlı doğru istiqamətləndirmək və iş dünyasının tələbləri barədə məlumatlandırmaqdır.
Azərbaycan Respublikasının Gənclər Fondu və Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı, “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin tərəfdaşlığı ilə 7 saylı “ASAN xidmət” mərkəzinin akt zalında keçirilən Forum Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi iştirakçılar tərəfindən 1 dəqiqəlik sükutla yad edilib.
Daha sonra Forumda iştirak edən rəsmilərə söz verilib. İlk olaraq, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktorunun müavini vəzifəsini icra edən Yusif Vəliyev çıxış edərək, gənclərin karyera inkişafına göstərilən dəstəyin önəmini vurğulayıb. O, Gənclər Fondunun bu istiqamətdə həyata keçirdiyi layihələr və gənclər üçün yaradılan imkanlar haqqında məlumat verib.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev çıxışında bu cür fəaliyyətlərin gənclərə öz potensiallarını kəşf etmək, peşəkarlarla birbaşa ünsiyyət qurmaq və gələcək karyera yollarını müəyyənləşdirmək üçün geniş imkanlar yaratdığını qeyd edib.
“ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin sədri Anar Musaev isə könüllülük fəaliyyətinin gənclərə praktiki təcrübə qazandırmasından və gələcək karyeralarına daha inamla addım atmaq üçün mühüm bir platforma olduğundan söz açıb.
Çıxışlardan sonra Forumun əsas hissəsi olan panel müzakirəsi öz işinə başlayıb. “Karyera səyahətində uğura aparan yol” mövzusunda keçirilən sessiyada “Gənc Xarici Dil Müəllimləri” Birliyinin sədri Günay Əkbərova moderator qismində çıxış edib. Panelistlər – Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev “Könüllülük və şəbəkələşmənin karyera inkişafında rolu”, “Randstad” şirkətinin karyera kouçu və “Erickson Coaching International” şirkətinin təlim koordinatoru Leyla Surxayzadə “Müasir dünyanın tələbatlı bacarıqları”, “Brain Design” və “Career University” şirkətlərinin təsisçisi və karyera mütəxəssisi Orxan Mahmudov “Karyera planlamasında doğru strategiyalar”, “Yelo Bank” ASC-nin İşəqəbul üzrə meneceri Aygün Məhərrəmova-Kazımova “Özəl sektorda karyera imkanları və işə qəbul tendensiyaları” mövzularında önəmli fikirlər səsləndiriblər. Panel müzakirəsi sual-cavab sessiyası ilə davam edib.
Forumda iştirak edən gənclər müxtəlif sahələr üzrə mütəxəssislərin təcrübələrindən yararlanıb iş dünyasının tələbləri, uğurlu karyera qurma yolları və fərdi inkişaf imkanları barədə ətraflı məlumat əldə ediblər. Bununla yanaşı, forum iştirakçılarına sertifikat təqdim edilib.
Gənclərin karyera inkişafına yönəlmiş bu kimi təşəbbüslər gələcəkdə də davam etdiriləcək, onların bilik və bacarıqlarının artırılması üçün yeni imkanlar yaradılacaq.