“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən və 50-dən çox gəncin iştirak etdiyi Forumda ilk öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Daha sonra Vətənimizin azadlığı uğurunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Moderator qismində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Dağlıq Şirvan regional nümayəndəliyinin koordinatoru Coşqun İsmayılov çıxış edib.
Panel müzakirələrdə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin təlim-tərbiyə işləri üzrə direktor müavini Səbinə Qurbanova “Texnologiya və ekologiya – Dayanıqlı inkişaf üçün təhsil”, Göyçay Peşə Hazırlığı Mərkəzinin müdir müavini Əzizağa Atakişiyev “Yaşıl İqtisadiyyat: Gələcəyin peşələri və yeni ixtisaslar” və Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin aqronomiya ixtisasları üzrə müəllimi Vüqar Qurbanov isə “Aqrar sektorda ekoloji dayanıqlılıq” mövzularında çıxış ediblər.
Çıxışların sonunda gənclərin sualları spikerlər tərəfindən cavablandırılıb. Forum çərçivəsində təkliflər planı hazırlanıb və planın həyata keçirilməsi istiqamətində tədbirlərin görüləcəyi bildirilib.
Qeyd edək ki, Karyera Forumu Gənclərin İnkişaf və Karyera Mərkəzinin Dağlıq Şirvan regional nümayəndəliyi və Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

