“Youth Start” şəxsi inkişaf proqramının növbəti təlimi yüksək dinamika və aktiv iştirakçılıqla yadda qalıb. Bu dəfəki təlim “İlkin təəssüratın əhəmiyyəti: Özünütəqdimetmə bacarıqları” mövzusunda təşkil olunub və gənclərin kommunikasiya bacarıqlarının inkişafına, eləcə də müxtəlif peşəkar mühitlərdə daha inamlı çıxış etmələrinə dəstək göstərib.
Təlim zamanı iştirakçılar ilk təəssüratın formalaşmasına təsir edən psixoloji və davranış faktorları haqqında geniş məlumat əldə ediblər. Onlar həmçinin özünü effektiv təqdim etməyin əsas qaydaları, düzgün nitq tonu, bədən dili, məqsədyönlü mesajvermə üsulları və professional davranış standartları ilə yaxından tanış olublar. Praktik tapşırıqlar vasitəsilə gənclər real situasiyalarda özlərini necə daha inamlı və peşəkar şəkildə ifadə edə biləcəklərini tətbiq etmə imkanı əldə ediblər.
Qeyd edək ki, təlim “Socar Downstream” MMC-nin Öyrənmə və İnkişaf üzrə aparıcı mütəxəssisi Minə Şxəlili tərəfindən keçirilib. Təlimçi öz peşəkar təcrübəsini bölüşərək gənclərə iş mühiti, müsahibə prosesləri və təqdimat zamanı diqqət edilməli ən vacib məqamlar haqqında dəyərli tövsiyələr verib.
“Youth Start” proqramı gənclərin şəxsi və peşəkar inkişafını dəstəkləmək məqsədilə təşkil olunan ardıcıl və hədəfli təlimləri ilə iştirakçıların bilik və bacarıqlarının genişləndirilməsinə xidmət edir. Proqram çərçivəsində keçirilən hər bir sessiya gənclərin gələcək karyera hədəflərinə daha inamla addımlamasına kömək edir.






