İNKIŞAF VƏ TƏCRÜBƏ AKADEMİYASININ MÜSAHİBƏ MƏRHƏLƏSİ UĞURLA BAŞA ÇATDI – 600-DƏN ÇOX GƏNC PROQRAMA MÜRACİƏT EDİB
Bakı və region gəncləri üçün təşkil olunan “İnkişaf və Təcrübə Akademiyası” proqramının müsahibə mərhələsi uğurla yekunlaşıb. Gənclərin bilik və bacarıqlarının artırılması, onların peşəkar inkişafına dəstək göstərilməsi və real iş mühiti ilə tanışlığının təmin olunması məqsədilə həyata keçirilən proqram böyük maraqla qarşılanıb.
Proqrama ümumilikdə 600-dən çox gənc müraciət edib. Müraciət edən namizədlər arasından seçim mərhələsini uğurla keçən iştirakçılar müsahibə prosesinə dəvət olunublar. Müsahibələr zamanı namizədlərin motivasiyası, şəxsi inkişaf hədəfləri, komandada işləmək bacarığı və gələcək karyera planları qiymətləndirilib.
Müsahibə mərhələsini uğurla tamamlayan gənclər artıq təcrübə proqramının rəsmi iştirakçısına çevriləcəklər. Onlar proqram çərçivəsində müxtəlif sahələr üzrə praktiki bilik və bacarıqlar əldə edəcək, peşəkar mütəxəssislərlə birbaşa işləmək imkanı qazanacaq və real iş proseslərində iştirak edəcəklər.
“İnkişaf və Təcrübə Akademiyası” gənclərin əmək bazarına daha hazırlıqlı şəkildə inteqrasiya olunmasına, liderlik və ünsiyyət bacarıqlarının formalaşmasına, həmçinin onların potensialının üzə çıxarılmasına töhfə verməyi hədəfləyir. Proqram çərçivəsində iştirakçıları təlimlər, praktiki tapşırıqlar, mentorluq dəstəyi və şəbəkələşmə imkanları gözləyir.

