Xocalı soyqırımı qurbanlarının xatirəsini anmaq və tarixi həqiqətləri gənclərə çatdırmaq məqsədilə Gənclərin İnkişaf və Karyera Mərkəzinin 11 regional nümayəndəliyi və 44 bölməsinin təşkilatçılığı ilə regionlarda silsilə tədbirlər təşkil edilib.
Tədbirlər çərçivəsində Şəhidlər Xiyabanı, Xocalı Soyqırımı abidəsi və “Ana Harayı” abidəsi ziyarət olunub, abidələr önünə gül dəstələri düzülüb, soyqırımı qurbanlarının və şəhidlərin xatirəsi ehtiramla yad edilib.
Qeyd edək ki, regionlarda gənclərin və dövlət rəsmilərinin iştirakı ilə maarifləndirici görüşlər keçirilib. Müzakirələr zamanı Xocalı hadisələrinin tarixi və hüquqi aspektləri, beynəlxalq müstəvidə tanıdılması istiqamətində görülən işlər və gənclərin bu prosesdə rolu barədə fikir mübadiləsi aparılıb.
Eyni zamanda, anım sərgisi təşkil edilib. Sərgidə Xocalı soyqırımını əks etdirən foto materiallar və tarixi faktlar nümayiş etdirilib. Anım tədbirləri çərçivəsində “XOCA” və “Dolu” bədii filmləri, eləcə də “Xocalı Haqqı” və “25 böyüməyən uşaq” sənədli filmləri təqdim olunub.
Keçirilən tədbirlər tarixi yaddaşın qorunmasına, Xocalı həqiqətlərinin geniş ictimaiyyətə çatdırılmasına və gənclərin bu istiqamətdə maarifləndirilməsinə töhfə verib.






