#Sabirabad və #Ağcabədi rayonlarında “Milli Mətbuat 150 – Rəqəmsal erada gənclər və media savadlılığı” layihəsi çərçivəsində maarifləndirici görüşlər keçirilib
Azərbaycan Respublikasının Gənclər Fondu, Medianın İnkişafı Agentliyi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Milli Mətbuat 150 – Rəqəmsal erada gənclər və media savadlılığı” layihəsi çərçivəsində #Sabirabad və #Ağcabədi rayonlarında gənclərin iştirakı ilə maarifləndirici görüşlər baş tutub.
Tədbirlərin əsas məqsədi gənclərin media savadlılığını artırmaq, onları rəqəmsal informasiya mühitində daha məsuliyyətli və düzgün mövqe tutmağa təşviq etmək olub. Görüşlər zamanı iştirakçılara rəqəmsal dövrdə medianın rolu, informasiya təhlükəsizliyi, sosial şəbəkələrdə düzgün məlumat paylaşımı, yalan xəbərlərlə mübarizə və tənqidi düşünmə bacarıqları kimi aktual mövzularda ətraflı məlumatlar təqdim edilib.
Sessiyalar peşəkar jurnalistlər və tanınmış aparıcıların iştirakı ilə interaktiv formada təşkil olunub. Gənclər mövzularla bağlı müzakirələrdə fəal iştirak edib, real nümunələr əsasında düzgün informasiya təhlili aparmaq və etibarlı mənbələrdən istifadə qaydaları barədə faydalı biliklər əldə ediblər.
Bundan əlavə, görüşlər zamanı gənclərə karyera planlaması, şəxsi inkişaf və məqsədyönlülük kimi mövzularda da tövsiyələr verilib. Onlara media və kommunikasiya sahəsində gələcək fəaliyyət imkanları, jurnalistikanın cəmiyyət üçün əhəmiyyəti və rəqəmsal transformasiyanın bu sahəyə gətirdiyi yeniliklər barədə danışılıb.
📌 Qeyd edək ki, “Milli Mətbuat 150 – Rəqəmsal erada gənclər və media savadlılığı” layihəsi ölkənin müxtəlif bölgələrində gənclərin maarifləndirilməsi, informasiya savadlılığı səviyyəsinin artırılması və medianın cəmiyyət üçün müsbət təsirinin gücləndirilməsi məqsədilə həyata keçirilir.
Bu təşəbbüs gənclərin rəqəmsal mühitdə daha bilikli, məsuliyyətli və sosial cəhətdən aktiv vətəndaşlar kimi formalaşmasına töhfə verir.






