Naxçıvanda Gənclərin Süni İntellekt Forumu keçirilib.
Forumun açılışında NDU-nun prorektoru Nicat Yaqubov və GİKM-in Baş direktoru Azər Əliyev çıxış edərək süni intellektin inkişafı və gənclər üçün yaratdığı imkanlardan danışıblar.
Tədbir çərçivəsində “Süni intellektin inkişafı fonunda dəyişən peşələr və gənclərin karyera seçimlərinə təsiri” mövzusunda panel müzakirəsi keçirilib.
Paneldə AR Gənclər Fondunun Gənclər Təşkilatları ilə İş şöbəsinin müdiri Nail Şükürov, “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” MMC-nin direktoru Hüseyn Əsgərli, NMR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Məşğulluq Siyasəti şöbəsinin müdiri Vüsal Süleymanlı və NMR Ali Məclisinin deputatı Əziz Qasımov iştirak ediblər.
Daha sonra Milli Süni İntellekt Mərkəzinin marketinq mütəxəssisi Qismət Abdullanın təqdimatında “Agentic AI” və onun real həyatda tətbiqi” mövzusunda vörkşop təşkil olunub. İştirakçılar süni intellektin praktiki tətbiq imkanları ilə tanış olublar.
Qeyd edək ki, forum Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Naxçıvan Dövlət Universitetində baş tutub.

