Scroll Top

QUBADA “LEVELUP” KARYERA FORUMU KEÇİRİLİB

IMG_5649

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba-Xaçmaz regional nümayəndəliyi, Dövlət Məşğulluq Agentliyinin Quba-Xaçmaz Regional Məşğulluq filialı və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının birgə təşkilatçılığı ilə Qubada 2 mərhələdən ibarət “LevelUP” karyera forumu və sərgisi keçirilib.

27 noyabr 2024-cü il tarixində baş tutan forum Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyev və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əbədi xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru, dosent Yusif Alıyev, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba-Xaçmaz regional nümayəndəliyinin koordinatoru Eyvaz Xeyrullayev çıxış edərək forumu açıq elan ediblər.

“Şəxsi inkişaf və karyera planlaması” mövzusunda baş tutan görüşün spikerləri Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının müdiri, beynəlxalq biznes sertifikatlı təlimçi və kouç Toğrul Ələkbərov, “Panda School” uşaq inkişaf mərkəzləri, “Ellin” MMC-nin təsisçisi Elvin Dadaşsoy, Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial İqtisad kollecinin direktoru, təhsil və karyera məsləhətçisi Şəhriyar Laçınov və Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının xidmət inkişafı və innovasiyalar şöbəsinin müdiri, təlimçi Pərviz Əfəndizadə iştirak edib.

Görüşdə “Qubadan dünyaya marafon”, “Öz biznesinə başla”, “İntizam – özünə etdiyin ən böyük yaxşılıq”, “Karyerada davamlılıq” mövzuları ətrafında fikirlər səsləndirilib. Çıxışların sonunda gənclərin sualları spikerlər tərəfindən cavablandırılıb.

Forumun keçirilməsində əsas məqsəd karyera planlaması üzrə peşəkarları bir araya toplayaraq, gənclərin bilik və bacarıqlarını artırmaq, bu sahədə region gəncləri üçün əlçatan mexanizm formalaşmasına töhfə vermək və onların şəbəkələşməsini təmin etməkdir.

Layihənin 29 noyabr tarixində keçiriləcək II mərhələsində gənclər üçün regionda fəaliyyət göstərən dövlət qurumları, təşkilat və şirkətlərin mövcud vakansiya, təcrübə və könüllü proqramlarından ibarət sərgi təşkil olunacaq.

Qeyd edək ki, “LevelUP” karyera forumu Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclər üçün də təşkil edilir.