Scroll Top

RƏQƏMSAL GƏNCLİK PROQRAMI ÇƏRÇİVƏSİNDƏ “İT SAHƏSİNDƏ KARYERA XƏRİTƏSİ” TƏLİMİ KEÇİRİLİB

626281252_18101333881870034_5844213960404649936_n

RƏQƏMSAL GƏNCLİK PROQRAMI ÇƏRÇİVƏSİNDƏ “İT SAHƏSİNDƏ KARYERA XƏRİTƏSİ” TƏLİMİ KEÇİRİLİB

“Rəqəmsal Gənclik” proqramı çərçivəsində gənclərin informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə “İT sahəsində karyera xəritəsi” adlı təlim təşkil olunub. Təlimin əsas məqsədi iştirakçılara İT sahəsində düzgün karyera planlaması, mövcud istiqamətlər və əmək bazarının real tələbləri barədə ətraflı və praktiki məlumatların təqdim edilməsi olub.

Təlim “IDTech Academy”nin İcraçı direktoru, “Avicom” MMC-nin Direktor müavini Elşən Fərzəliyev tərəfindən həyata keçirilib. Təlimçi öz peşəkar təcrübəsinə əsaslanaraq iştirakçılarla real iş mühiti, şirkətlərin işə qəbul meyarları, tələb olunan texniki və yumşaq bacarıqlar, həmçinin karyera inkişafında davamlı öyrənmənin rolu barədə fikirlərini bölüşüb. O, xüsusilə vurğulayıb ki, İT sahəsində uğurlu karyera qurmaq üçün yalnız texniki biliklər deyil, eyni zamanda analitik düşüncə, komanda ilə işləmək bacarığı, problem həll etmə qabiliyyəti və zamanın düzgün idarə olunması da vacib amillərdəndir.

Təlim çərçivəsində iştirakçılara karyera xəritəsinin necə qurulması, hədəflərin müəyyənləşdirilməsi, fərdi inkişaf planının hazırlanması və beynəlxalq sertifikatların əhəmiyyəti barədə də məlumat verilib. Həmçinin portfolionun formalaşdırılması, praktiki layihələrdə iştirakın önəmi və təcrübə proqramlarının karyera başlanğıcında oynadığı rol izah olunub. Gənclərə tövsiyə olunub ki, erkən mərhələdən etibarən real layihələr üzərində çalışaraq biliklərini praktik mühitdə tətbiq etsinlər.

Təlim interaktiv formada təşkil olunub, iştirakçıların sualları cavablandırılıb, real iş təcrübəsinə əsaslanan nümunələr təqdim edilib. Bu isə mövzunun daha aydın və praktik şəkildə mənimsənilməsinə şərait yaradıb. Sonda gənclər İT sahəsində karyera qurmaq üçün konkret addımlar və inkişaf istiqamətləri barədə aydın təsəvvür əldə ediblər.

“Rəqəmsal Gənclik” proqramı çərçivəsində həyata keçirilən bu cür maarifləndirici və istiqamətləndirici tədbirlər gənclərin əmək bazarına daha hazırlıqlı şəkildə daxil olmalarına, rəqəmsal bacarıqlarını inkişaf etdirmələrinə və gələcək karyeralarını düzgün planlaşdırmalarına mühüm töhfə verir. Proqram çərçivəsində növbəti mərhələlərdə də müxtəlif mövzularda təlim və seminarların təşkili nəzərdə tutulur.

11.02.2026