Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) “Peşəkarla dialoq” adlı yeni layihəyə start verib. Layihənin məqsədi gəncləri müxtəlif sahələrdə uğurlu mütəxəssislərlə bir araya gətirmək, onların təcrübələrindən faydalanmaq və gəncləri karyera seçimi, peşəkar və şəxsi inkişaf, müasir iş bazarının tələbləri barədə məlumatlandırmaqdır.
Bu vasitə ilə gənclər seçdikləri sahədə tanınmış peşəkarlarla birbaşa dialoqa girərək, suallarını ünvanlaya biləcək, eyni zamanda iş dünyası ilə bağlı faydalı
tövsiyələr əldə edəcəklər.
Layihənin ilk qonağı Azərbaycan Mətbuat Şurasının sədri, yazıçı, jurnalist Rəşad Məcid olub.
İlk olaraq, GİKM-in nümayəndələri tərəfindən Rəşad Məcidə Azərbaycan Respublikasının Gənclər Fondu, GİKM haqqında ətraflı məlumat verilib.
Daha sonra media sahəsində bilik və təcrübələrini bölüşən, jurnalistika və mətbuatın cəmiyyətdəki əhəmiyyəti haqqında məlumat verən Rəşad Məcid,
gəncləri maraqlandıran sualları cavablandırıb.
Qeyd edək ki, iştirakçılara unikal bilik və təcrübə qazandıracaq, gənclərin hədəflərinə çatmaları üçün ilham mənbəyi olacaq “Peşəkarla dialoq” layihəsinin
növbəti sessiyalarında öz sahəsində böyük uğurlar əldə etmiş peşəkarların dəvət olunması planlaşdırılır.