Scroll Top

LEYLA ƏLİYEVA VƏ ARZU ƏLİYEVA QƏBƏLƏDƏ GƏNCLƏRİN EKOLOJİ DÜŞƏRGƏSİNİN QONAĞI OLUBLAR

IMG-20241011-WA0021

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Qəbələ rayonunda keçirilən “Gənclərin Yaşıl Təşəbbüsləri” ekoloji düşərgəsinin qonağı olublar.

“Gənclərin Yaşıl Təşəbbüsləri” ekoloji düşərgəsi, IDEA İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən COP29 çərçivəsində təşkil edilir və 10-11 oktyabr tarixlərində Qəbələ rayonunda keçirilir. Təbiət qoynunda keçirilən bu düşərgədə Qəbələ və ətraf rayonlardan olan, ümumilikdə 40 gənc iştirak edir. Düşərgənin əsas məqsədi, noyabr ayında Bakıda keçiriləcək nüfuzlu COP29 tədbiri öncəsində gənclərin ekoloji məsələlərlə bağlı fikirlərini, gözləntilərini və təkliflərini dinləmək, onların bu sahədə fəallığını artırmaqdır.

İki gün ərzində gənclər iqlim dəyişikliyi, ətraf mühitin mühafizəsi və ekoloji təmiz həyat tərzi kimi mühüm mövzularda müxtəlif təlim və vorkşoplarda iştirak edərək, ekoloji problemlərə dair yeni yanaşmalar əldə edəcəklər. Düşərgə, gənclərin bu mövzular üzrə biliklərini artırmaqla yanaşı, onların ekoloji problemlərin həllində fəal iştirakını təmin etmək və cəmiyyətin inkişafında mühüm rol oynayacaq fərdlər kimi formalaşmasına dəstək verməyi hədəfləyir.

Düşərgənin ilk günündə gənclər “Ətraf mühitin mühafizəsində gənclərin rolu” mövzusunda təşkil olunmuş vorkşopda qruplara bölünərək problemləri müzakirə edib və müxtəlif ekoloji layihə təklifləri hazırlayıblar. Leyla Əliyeva düşərgə iştirakçılarının hazırladığı layihələri dinləyib və onların ekoloji təşəbbüslərinə yüksək qiymət verib.

Səfər zamanı Leyla Əliyeva və Arzu Əliyeva düşərgənin proqramı ilə yaxından tanış olub, iştirakçıların yaşadıqları çadır şəhərciyini ziyarət edərək onların gündəlik fəaliyyəti və düşərgə həyatına dair təəssüratlarını öyrəniblər.

Görüşün sonunda Leyla Əliyeva və Arzu Əliyeva gənclərlə birgə xatirə şəkli çəkdirərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Gənclər isə öz növbələrində, düşərgənin təşkilində göstərdikləri dəstək və diqqət üçün Leyla Əliyeva və Arzu Əliyevaya təşəkkür ediblər.