2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezident seçkilərində ilk dəfə səs verəcək region gəncləri üçün seçki hüququ ilə bağlı maarifləndirici səyyar görüşlər keçirilir. “Gəncin səsi, gələcəyin səsi!” şüarı ilə baş tutan səfərlər Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə icra edilir.
Səfər çərçivəsində bu dəfə Qəbələ, İsmayıllı və Ağdam gəncləri ilə maarifləndirici görüşlər keçirilib.
Gənclər üçün səyyar platformalar qurularaq rəqəmsal alətlər barədə məlumat sessiyaları, intellektual yarışlar, fərdi və peşəkar inkişafa, eləcə də səsvermə hüququndan istifadəyə dair təlimlər, müxtəlif oyunlar keçirilib və musiqili əyləncələr təşkil edilib.
Cəmiyyətin təkanverici qüvvəsi olan gənclərin fəal seçici rolunda çıxış etməsi və cəmiyyətin digər təbəqələrini də passiv müşahidəçidən fəal iştirakçılığa keçməsinə təşviq etmək gənclərin ölkə vətəndaşı olaraq əsas vəzifələrindəndir. Azərbaycanın bölgələri üzrə həyata keçirilən səyyar görüşlər gəncləri bu vətəndaşlıq vəzifəsinin icrasına məsuliyyətlə yanaşmağa həvəsləndirmək məqsədi daşıyır.