Gənclər üçün imkanları daha yaxın edən Səyyar Gənclər Xidmətinin növbəti səfəri Şabran rayonuna olub.
Şabran şəhər S. Zülfüqarov adına 3 nömrəli tam orta məktəbdə baş tutan açılış tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbir rəsmilərin çıxışı ilə davam edib. Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov, Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri İlkin Ağayev, Vətən müharibəsi iştirakçısı Güləli Valehov çıxış edərək bildiriblər ki, gənclərin bilik və bacarıqlarının artırılması, onların karyera quruculuğuna dəstək və sağlam həyat tərzinin təbliği dövlət siyasətinin vacib istiqamətlərindən biridir. “Səyyar Gənclər Xidməti” layihəsi də bu məqsədlərə çatmaq üçün mühüm rol oynayır. Gənclərə daha çox dəstək olmaq və onların inkişafına töhfə vermək məqsədilə bu kimi təşəbbüslərin davam etdirilməsi olduqca vacibdir. Natiqlər eyni zamanda gəncləri fəal şəkildə bu cür layihələrdə iştirak etməyə çağırıblar.
Səyyar Gənclər Xidməti çərçivəsində kənd gəncləri üçün robototexnika, rəsm çəkmə, 3D printer və qələm, tətbiqi şəbəkə sənəti üzrə master-klaslar, “Gənclər siyasəti” və “Karyera planlaması” mövzularında təlim sessiyaları həyata keçirilib. Gənclər üçün şəxsi anketin (CV) yaradılması xidməti də burada yer alıb.
Bunlarla yanaşı, layihədə nəzərdə tutulmuş yarış və oyun proqramları çərçivəsində gənclər arasında Azərbaycan xəritəsinin pazl lövhə üzərində qurulması yarışı, stolüstü futbol və labirint yarışı, darts oyun çempionatı, çölçü və tarazlıq oyunları, kəndirdartma yarışı baş tutub.
“Səyyar Gənclər Xidməti” layihəsinin bu il oktyabr ayınadək hər birində 5 gün olmaqla, 10 şəhər və rayonda, eləcə də Naxçıvan Muxtar Respublikasında gənclərə xidmət göstərməsi nəzərdə tutulur.
Qeyd edək ki, ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasına əsasən, bu il gənclərin ekoloji məlumatlılığını, həmçinin ətraf mühitin qorunması sahəsində bilik və fəallıqlarını artırmağa yönələn Səyyar Gənclər Xidməti Azərbaycan Respublikasının Gənclər Fondu, Gənclərin İnkişaf və Karyera Mərkəzi və “Gənc Könüllülər” İctimai Birliyi tərəfindən həyata keçirilir.