Scroll Top

SİYƏZƏNDƏ GƏNCLƏR ÜÇÜN SƏYYAR GƏNCLƏR XİDMƏTİ FƏALİYYƏT GÖSTƏRİR

IMG_20240810_223049_098

Artıq 6-cı rayonda gənclər üçün imkanları daha yaxın edən Səyyar Gənclər Xidmətinin Siyəzən səfərinin açılış tədbiri M. Müşfiq adına 2 nömrəli tam orta məktəbdə baş tutub.

Məqsədi dövlət gənclər siyasətinin gənclər üçün yaratdığı xidmət və proqramların ucqar kəndlərdə yaşayan gənclərin də əlçatanlığının artırılması, gənclər siyasəti ilə bağlı maarifləndirmə, eləcə də gənclərin sosial aktivliyinin dəstəklənməsi, asudə vaxtlarının səmərəli təşkili, və onların bilik, bacarıq və dünyagörüşünün genişləndirilməsinə yönəlmiş tədbirlər təşkil etmək olan layihənin Siyəzən rayonundakı açılış tədbirində Gənclərin İnkiaşf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev çıxış edərək, gənclərin sosial aktivliyi, asudə vaxtlarının səmərəli təşkili və bilik-bacarıqlarının inkişafının dövlətin gənclər siyasətinin önəmli prioritetlərindən olduğunu vurğulayıb, O, bu layihənin gənclərin həyatında müsbət dəyişikliklərə səbəb olacağına inandığını və belə təşəbbüslərin davamlı olmasının vacibliyini ifadə edib.

Rayon İcra Hakimiyyətinin başçısının müavini Aqşin Ağayev rayon daxilində gənclərin bilik, bacarıq və dünyagörüşünün artırılması məqsədilə keçirilən bu tədbirin təşkilatçılarına təşəkkür edib və gəncləri aktiv iştirak etməyə çağırıb. Daha sonra qonaqlar tədbir ərazisi ilə tanış olublar.

Siyəzən gəncləri üçün “Gənclər siyasəti və dövlətçilik”, “Zərərli vərdişlərə yox deyək”, “Peşə seçimi və karyera” və “Sağlam və təhlükəsiz həyat” mövzularında təlim sessiyaları keçirilib.

Səyyar Gənclər Xidməti çərçivəsində kənd gəncləri üçün müxtəlif sahələr – robototexnika, rəsm çəkmə, 3D printer və qələm, tətbiqi şəbəkə sənəti üzrə master-klaslar həyata keçirilib, gənclər üçün şəxsi anketin (CV) yaradılması xidməti yer alıb.

Layihədə nəzərdə tutulmuş yarış və oyun proqramları çərçivəsində gənclər arasında vətənpərvərlik mövzusunda “Xəmsə” intellektual oyunu, Azərbaycan xəritəsinin pazl lövhə üzərində qurulması yarışı, stolüstü futbol və labirint yarışı, darts oyun çempionatı, çölçü oyun yarışı, “Jenga” oyunu, kəndir dartma yarışı baş tutub. Yarışlarda fəallıqları ilə seçilən gənclər mükafatlandırılıb.

Azərbaycan Respublikasının Gənclər Fondu, Gənclərin İnkişaf və Karyera Mərkəzi və “Gənc Könüllülər” tərəfindən həyata keçirilən “Səyyar Gənclər Xidməti” layihəsinin bu il oktyabr ayınadək hər birində 5 gün olmaqla, 10 şəhər və rayonda, eləcə də Naxçıvan Muxtar Respublikasında ucqar kənd gənclərinə xidmət göstərməsi nəzərdə tutulur.