Scroll Top

SƏYYAR GƏNCLƏR XİDMƏTİ NEFTÇALA GƏNCLƏRİ İLƏ GÖRÜŞÜR

WhatsApp Image 2024-08-20 at 14.39.51_3532cf69

Dövlət gənclər siyasətinin gənclər üçün yaratdığı xidmət və proqramların ucqar kəndlərdə yaşayan gənclərin də əlçatanlığının artırılması, gənclər siyasəti ilə bağlı maarifləndirmə, eləcə də gənclərin sosial aktivliyinin dəstəklənməsi, asudə vaxtlarının səmərəli təşkili, və onların bilik, bacarıq və dünyagörüşünün genişləndirilməsinə yönəlmiş tədbirlər təşkil etmək məqsədi daşıyan “Səyyar Gənclər Xidməti” layihəsi Neftçala rayonunda 5 günlük start götürür. Bu müddət ərzində Neftçala gəncləri müxtəlif fəaliyyətlərə cəlb olunacaqlar.

Neftçala rayon S. Vurğun adına Bankə qəsəbə 2 saylı tam orta məktəbdə baş tutan açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Açılış mərasimində ilk olaraq söz Azərbaycan Respublikasının Gənclər Fondunun Proqram və layihələrin idarə olunması şöbəsinin müdiri Ülvi Adgözəlova söz verilib. Ü.Adgözəlov gənclərin inkişafı üçün belə layihələrin əhəmiyyətini vurğulayaraq, gəncləri dövlətin onlar üçün yaratdığı fürsətlərdən yararlanmağa dəvət edib.

Daha sonra Neftçala Rayon İcra Hakimiyyətinin başçısının müavini vəzifəsini icra edən Vasif Əliyev çıxış edərək, “Səyyar Gənclər Xidməti” layihəsinin Neftçala rayonunda həyata keçirilməsinin yerli gənclərin dövlətin yaratdığı imkanlardan birbaşa faydalanmasına şərait yaradacağını, onların rayonun sosial-iqtisadi inkişafında daha fəal rol oynayacağına inamını ifadə edib.

Çıxışlardan sonra rəsmi qonaqlar tədbir ərazisi ilə tanış olub. Ərazidə STEAM formatlı innovativ sərgi, gənclərin “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş süni intellekt alətləri ilə yaratdıqları təsvirlər və rəsm əsərləri, virtual eynəklə virtual səyahət yer alıb.

5 gün ərzində Neftçala gənclərinə müxtəlif xidmətlər təklif olunacaq.  Gənclər üçün şəxsi anketin (CV) yaradılması, gənclərin maraq dairələrinə uyğun “Gənclər siyasəti və dövlətçilik”, “Zərərli vərdişlərə yox deyək”, “Peşə seçimi və karyera” və “Sağlam və təhlükəsiz həyat” mövzularında təlim sessiyaları, robototexnika, rəsm çəkmə, 3D printer və qələm, tətbiqi şəbəkə sənəti üzrə master-klaslar bu xidmətlər arasında olacaq.

Bunlarla yanaşı, layihədə nəzərdə tutulmuş yarış və oyun proqramları çərçivəsində gənclər arasında vətənpərvərlik mövzusunda “Xəmsə” intellektual oyunu, Azərbaycan xəritəsinin pazl lövhə üzərində qurulması yarışı, stolüstü futbol və labirint yarışı, darts oyun çempionatı, çölçü oyun yarışı, “Jenga” oyunu, kəndir dartma yarışı baş tutacaq. Yarışlarda fəallıqları ilə seçilən gənclər mükafatlandırılacaq.

Azərbaycan Respublikasının Gənclər Fondu, Gənclərin İnkişaf və Karyera Mərkəzi və “Gənc Könüllülər” tərəfindən həyata keçirilən “Səyyar Gənclər Xidməti” layihəsinin bu il oktyabr ayınadək hər birində 5 gün olmaqla, 10 şəhər və rayonda ucqar kənd gənclərinə xidmət göstərməsi nəzərdə tutulur.