Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) təşkilatçılığı, Azərbaycan Texniki Universiteti və Universitetin Karyera Mərkəzinin tərəfdaşlığı ilə “SkillHub” təlim proqramı həyata keçirilib. Proqramın məqsədi gənclərin bilik və bacarıqlarının artırılmasına, eləcə də onların gələcək karyera planlarının formalaşdırılmasına dəstək verməkdir.
Proqram çərçivəsində karyera məsləhətçisi Sevinc Burzuyeva “Karyera planlaması və məqsədlərin təyini” mövzusunda təlim keçib. Təlimdə iştirak edən tələbələr karyera hədəflərinin müəyyənləşdirilməsi, şəxsi inkişaf istiqamətlərinin planlaşdırılması, zamanın səmərəli idarə edilməsi və məqsədlərə çatmaq üçün strategiyaların qurulması kimi mövzular üzrə praktik biliklər qazanıblar.
Təlim interaktiv şəkildə təşkil olunub, iştirakçılar arasında müzakirələr aparılıb, fərdi karyera planları üzərində işlər görülüb. Gənclər öz güclü və zəif tərəflərini müəyyənləşdirərək gələcək peşə istiqamətlərinə dair daha aydın baxış formalaşdırıblar.
Sevinj Burzu çıxışı zamanı vurğulayıb ki, karyera planlaması gənclərin həyatında uzunmüddətli uğurun əsas şərtlərindən biridir. Onun sözlərinə görə, məqsədlərin düzgün müəyyənləşdirilməsi və bu məqsədlərə ardıcıl şəkildə addımlanması gənclərin peşəkar inkişafına və həyat keyfiyyətinə birbaşa təsir göstərir.
Qeyd edək ki, “SkillHub” təlim proqramı gənclərin əmək bazarına daha hazırlıqlı şəkildə daxil olmasını təmin etmək, onların şəxsi və peşəkar inkişafına dəstək olmaq məqsədilə mütəmadi şəkildə həyata keçirilir. Proqram çərçivəsində müxtəlif sahələr üzrə ekspertlərin iştirakı ilə praktiki yönümlü sessiyalar təşkil olunur.
29.10.2025






