Region gənclərinin karyera inkişafına, məşğulluq imkanlarının artırılmasına və dövlət-özəl sektor əməkdaşlığının gücləndirilməsinə xidmət edən “LevelUP” Karyera Forumu növbəti dəfə uğurla həyata keçirilib.
Forum çərçivəsində Lənkəran və Sabirabad şəhərlərində keçirilən tədbirlərdə yüzlərlə gənc karyera quruculuğu, peşə seçimi və fərdi inkişaf mövzularında dəyərli biliklər əldə edib.
Lənkəranda baş tutan forumda 15-dən çox dövlət qurumu və özəl müəssisə əmək yarmarkasında iştirak edib. Gənclər şirkət nümayəndələri ilə birbaşa ünsiyyət quraraq, işə qəbul prosesi, təcrübə proqramları və mövcud vakansiyalar barədə məlumat əldə ediblər. Həmçinin, keçirilən panel müzakirələrdə karyera imkanları, sosial fəallığın artırılması və şəxsi inkişaf istiqamətində müasir yanaşmalar ön plana çıxıb.
Sabirabadda təşkil olunan forumda isə təhsil, peşə və karyera planlaması ilə bağlı aktual məsələlər müzakirə edilib. Gənclər üçün keçirilən sessiyalarda əmək bazarının tələbləri, düzgün karyera seçimi və özünüinkişaf yolları barədə faydalı məlumatlar təqdim olunub.
Ümumilikdə 500-ə yaxın gəncin iştirak etdiyi forumlar gənclərin dövlət və özəl sektor nümayəndələri ilə birbaşa təmasda olmasına, real karyera imkanlarını öyrənməsinə və öz gələcək inkişaf istiqamətlərini müəyyənləşdirməsinə şərait yaradıb.
“LevelUP” Karyera Forumu gənclərin məşğulluq potensialının artırılması, regionlarda karyera maarifləndirilməsinin gücləndirilməsi və onların əmək bazarına inteqrasiyasına dəstək göstərilməsi baxımından mühüm təşəbbüslərdən biri kimi dəyərləndirilir.
30.10.2025






