Scroll Top

YOUTHSTART PROQRAMI ÇƏRÇİVƏSİNDƏ “SENSOR VƏ NEYROMARKETİNQ” MÖVZUSUNDA TƏLİM KEÇİRİLİB

IMG_3841

Gənclərin İnkişaf və Karyera Mərkəzinin həyata keçirdiyi “YouthStart” proqramı çərçivəsində gənclərin marketinq sahəsində bilik və bacarıqlarının artırılması, müasir marketinq yanaşmaları ilə tanış edilməsi məqsədilə növbəti təlim təşkil olunub.

“Sensor və neyromarketinq” mövzusuna həsr olunan təlim Leyla Sarabi tərəfindən keçirilib. Təlim zamanı iştirakçılara istehlakçı davranışlarının psixoloji və neyroloji əsasları, insanların alış qərarlarına təsir göstərən amillər, eləcə də sensor stimulların istehlakçı seçimlərində rolu barədə ətraflı məlumat verilib.

Görüş çərçivəsində neyromarketinqin mahiyyəti və əsas prinsipləri, istehlakçıların emosional reaksiyalarının marketinq strategiyalarında nəzərə alınması, müştəri ehtiyac və gözləntilərinin daha dərindən təhlili kimi mövzular müzakirə olunub. Eyni zamanda, vizual, eşitmə, qoxu və digər sensor elementlərin brend qavrayışına, müştəri təcrübəsinə və alış qərarlarına təsiri diqqətə çatdırılıb.

Təlim gənclərə müasir marketinq tendensiyalarını daha yaxından öyrənmək, istehlakçı davranışlarını düzgün təhlil etmək və əldə etdikləri bilikləri effektiv marketinq strategiyalarının hazırlanmasında tətbiq etmək baxımından faydalı olub.

Qeyd edək ki, “YouthStart” proqramı gənclərin peşəkar bilik və bacarıqlarının inkişaf etdirilməsi, onların əmək bazarının müasir tələblərinə uyğunlaşması və karyera imkanlarının genişləndirilməsinə dəstək göstərilməsi məqsədi daşıyır.