Scroll Top

“GƏNCLƏRİN KARYERA İNKİŞAFINDA DÖVRÜN TƏLƏBLƏRİ” TƏLİMİ

653704306_1247545787560254_8070052316325709583_n

“Gənclərin karyera inkişafında dövrün tələbləri” mövzusunda təşkil olunan təlim proqramı uğurla yekunlaşıb. Təlimin əsas məqsədi gənclərin müasir əmək bazarına uyğun bilik və bacarıqlarla təmin edilməsi, onların karyera planlaması sahəsində daha məlumatlı və hazırlıqlı olmalarına dəstək göstərmək olub.

Təlim AZCON Holding-in Layihələrin idarəedilməsi şöbəsinin müdiri, eyni zamanda II “Yüksəliş” müsabiqəsinin qalibi Nərgiz İsmayılova tərəfindən keçirilib. Spiker öz peşəkar təcrübəsinə əsaslanaraq iştirakçılarla real iş mühiti, qarşıya çıxan çətinliklər və bu çətinliklərin effektiv idarə olunması yolları barədə ətraflı fikir mübadiləsi aparıb.

Sessiya zamanı iştirakçılar müasir əmək bazarının sürətlə dəyişən tələbləri, işəgötürənlərin gözləntiləri və rəqabət mühitində fərqlənmək üçün vacib olan bacarıqlar haqqında geniş məlumat əldə ediblər. Xüsusilə, ünsiyyət bacarıqları, komanda ilə işləmək, analitik düşüncə, liderlik keyfiyyətləri və adaptasiya qabiliyyətinin karyera inkişafında oynadığı rol vurğulanıb.

Bununla yanaşı, gənclər üçün mövcud olan yerli və beynəlxalq imkanlar, təcrübə proqramları, təqaüdlər və fərdi inkişaf platformaları barədə də məlumat verilib. Təlim interaktiv formatda keçirildiyindən iştirakçılar öz suallarını ünvanlamaq, real situasiyalar üzərindən müzakirələr aparmaq və praktiki tövsiyələr əldə etmək imkanı qazanıblar.

Tədbirin sonunda iştirakçılar qazandıqları bilik və təcrübələrin onların gələcək karyera planlamasında mühüm rol oynayacağını qeyd edərək, bu cür maarifləndirici təşəbbüslərin davamlı olmasının əhəmiyyətini vurğulayıblar.

18.03.2026