“Səyyar Gənclər Xidməti” bu dəfə Xızı rayonunda gənclərin iştirakı ilə keçirilib.
Tədbirin açılış mərasimində çıxış edən rəsmi qonaqlar region gənclərinin inkişafına yönəlmiş layihələrin əhəmiyyətindən danışıb, gənclərin bilik və bacarıqlarının artırılması, yeni imkanlarla tanış olması və asudə vaxtlarının səmərəli təşkili istiqamətində həyata keçirilən tədbirlərin önəmini vurğulayıblar.
“Gənclərlə, gənclər üçün” şüarı ilə təşkil olunan layihə çərçivəsində Xızı rayonunun gəncləri müxtəlif istiqamətlər üzrə təşkil edilən fəaliyyətlərdə iştirak ediblər. Proqram müddətində iştirakçılar maarifləndirici sessiyalara qoşulub, yeni biliklər əldə edib, komanda işi və ünsiyyət bacarıqlarını inkişaf etdiriblər.
Gənclər üçün təhsil və karyera imkanları, şəxsi inkişaf, rəqəmsal bacarıqlar, sağlam həyat tərzi, vətənpərvərlik və yaradıcılıq kimi müxtəlif mövzuları əhatə edən fəaliyyətlər təşkil olunub. İnteraktiv oyunlar və əyləncəli fəaliyyətlər isə iştirakçıların tədbirə olan marağını daha da artırıb.
Layihə gənclərin bir araya gəlməsi, yeni dostluqlar və əməkdaşlıqlar qurması, öz potensiallarını kəşf etməsi və müxtəlif sahələr üzrə faydalı məlumatlar əldə etməsi baxımından da əhəmiyyətli olub.






