“Səyyar Gənclər Xidməti” layihəsinin növbəti dayanacağı Lənkəran şəhəri olub.
Layihənin açılış mərasimində çıxış edən rəsmi qonaqlar region gənclərinin hərtərəfli inkişafının dəstəklənməsinin, onların bilik və bacarıqlarının artırılması üçün yeni imkanların yaradılmasının əhəmiyyətindən danışıblar. Çıxışlarda gənclərin müxtəlif sahələr üzrə inkişafına, ictimai fəallığının artırılmasına və onların faydalı təşəbbüslərə cəlb olunmasına xidmət edən layihələrin rolu xüsusi vurğulanıb.
“Gənclərlə, gənclər üçün” şüarı ilə həyata keçirilən “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində Lənkəran gəncləri müxtəlif istiqamətləri əhatə edən maarifləndirici və interaktiv fəaliyyətlərdə iştirak ediblər.
Proqram müddətində iştirakçılara təhsil və karyera imkanları, şəxsi inkişaf, rəqəmsal bacarıqlar, sağlam həyat tərzi, vətənpərvərlik və yaradıcılıq kimi mövzular üzrə məlumatlar təqdim olunub. Keçirilən sessiyalar zamanı gənclər müasir çağırışlar, inkişaf imkanları və gələcək karyera perspektivləri barədə yeni biliklər əldə ediblər.
İnteraktiv fəaliyyətlər, komanda oyunları və müxtəlif praktiki məşğələlər isə gənclərin əldə etdikləri bilikləri tətbiq etməsinə, ünsiyyət və komanda ilə işləmək bacarıqlarını inkişaf etdirməsinə şərait yaradıb. İştirakçılar layihə çərçivəsində həm öyrənib, həm də asudə vaxtlarını səmərəli və əyləncəli şəkildə keçiriblər.

