“Yay təcrübə proqramı” çərçivəsində Bakıda gənclər üçün keçirilən maarifləndirici təlimlər yekunlaşıb.
Təlimlər proqram iştirakçılarının şəxsi və peşəkar inkişafına, müasir əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlarının artırılmasına yönəlib. Təlimlər zamanı gənclərə karyera quruculuğu, rəqəmsal vərdişlərin idarə edilməsi, marketinq və süni intellektin imkanları barədə məlumatlar təqdim olunub.
Karyera quruculuğu mövzusunda keçirilən təlimlərdə gənclərin peşəkar inkişaf istiqamətləri, karyera planlaması və gələcək fəaliyyətləri üçün zəruri olan bacarıqlar barədə məlumat verilib. Rəqəmsal vərdişlərin idarə edilməsi mövzusunda isə müasir rəqəmsal alətlərdən səmərəli istifadə və rəqəmsal bacarıqların inkişaf etdirilməsi ilə bağlı yanaşmalar diqqətə çatdırılıb.
Marketinq üzrə təlimlərdə iştirakçılar sahənin əsas istiqamətləri və müasir yanaşmalarla tanış olub, süni intellekt mövzusunda keçirilən sessiyalarda isə bu texnologiyanın müxtəlif sahələrdə yaratdığı imkanlar və ondan faydalanma yolları barədə yeni biliklər əldə ediblər.
Təlimlər interaktiv formatda təşkil olunub, iştirakçıların mövzular üzrə biliklərini genişləndirməsinə və praktiki bacarıqlarını inkişaf etdirməsinə imkan yaradıb.
“Yay təcrübə proqramı” çərçivəsində təşkil olunan maarifləndirici təlimlər gənclərin bilik və bacarıqlarının artırılmasına, onların müasir əmək bazarına hazırlığının gücləndirilməsinə və gələcək karyera inkişaflarına dəstək göstərib.





