Scroll Top

“İNKİŞAF VƏ TƏCRÜBƏ AKADEMİYASI” PROQRAMININ MÜSAHİBƏ MƏRHƏLƏSİ KEÇİRİLİB

IMG_6681.JPG.jpg

Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən həyata keçirilən “İnkişaf və Təcrübə Akademiyası” proqramının müsahibə mərhələsi keçirilib. Bakı və regionlardan olan gənclərin peşəkar inkişafına, praktiki bacarıqlarının artırılmasına və əmək mühitinə hazırlığının gücləndirilməsinə yönələn proqram 20 şəhər və rayonu əhatə edir.

Proqramın müsahibə mərhələsində namizədlərin müvafiq istiqamətlər üzrə bilik və bacarıqları, şəxsi keyfiyyətləri, öyrənməyə motivasiyası və peşəkar inkişaf hədəfləri qiymətləndirilib. Seçim mərhələsindən uğurla keçən gənclər proqram müddətində nəzəri biliklərini praktiki təcrübə ilə möhkəmləndirmək, real iş mühitini yaxından tanımaq və gələcək karyeraları üçün zəruri bacarıqlar əldə etmək imkanı qazanacaqlar.

“İnkişaf və Təcrübə Akademiyası” çərçivəsində iştirakçılar layihə və tədbirlərin idarə olunması, gənclərlə iş, mobiloqrafiya və kontent yaradıcılığı istiqamətləri üzrə bilik və bacarıqlarını inkişaf etdirəcəklər. Proqram gənclərin seçdikləri istiqamətlər üzrə praktiki fəaliyyətə cəlb olunmasına, iş proseslərini yaxından öyrənməsinə, təşəbbüskarlıq və komanda ilə işləmək bacarıqlarının formalaşmasına şərait yaradacaq.

Akademiyanın əsas məqsədi gənclərin potensialının üzə çıxarılması, onların peşəkar səriştələrinin artırılması və əmək bazarına hazırlıqlarının gücləndirilməsidir. Proqram vasitəsilə iştirakçıların əldə etdikləri bilikləri real iş proseslərində tətbiq etmələri, yeni təcrübə qazanmaları və gələcək karyera imkanlarını genişləndirmələri hədəflənir.

Qeyd edək ki, “İnkişaf və Təcrübə Akademiyası” Bakı və region gənclərinin inkişafına dəstək göstərməklə onların peşəkar fəaliyyətə hazırlanmasına və karyera imkanlarının genişləndirilməsinə xidmət edir.